-
«Aylardır ki, maaşlarımızı ala bilmirik. Deyirlər, şirkət böhrandadır. Qarşımıza çıxıb deyən yoxdur ki, bu böhran nə vaxtadək davam edəcək? Bilmirik ki, rəhbərlik haradadır. Ümumiyyətlə, azadlıqdadır, yoxsa həbsdədir? Hərə bir söz deyir».
6 AYDIR MAAŞ ALA BİLMİR
«Azinqrup» MMC-nin işçiləri maaşlarını tələb edir. Onlardan biri də yaxın vaxtlaradək şirkətin yol layihəsində fəhləlik etmiş Cavid Hüseynovdur. Onun sözlərinə görə, şirkət işçilərin aylarla yığılıb qalmış məvaciblərini ödəmir. Bu azmış kimi, qarşıya çıxıb bir səbəb deyən də yoxdur:
«Ayrılan milyonları ciblərinə qoyublar. Ortalıqdan yoxa çıxıblar. Əziyyət bizə qalıb. Biz burada elə işləmişik ki… Hər an işdən qovulmaq təhlükəsi ilə üz-üzə qalmışıq. 5 dəqiqə işə gecikənə acımaq yox idi. Elə həmin andan işdən qovulurdu. Bizdən məsuliyyət tələb edən şirkət rəhbərliyi indi özü yüzlərlə işçinin maaşını verməməklə hüquqlarını pozur».
Şirkətdə sürücü işləmiş Əli Məmmədov deyir, 6 aydır maaşını ala bilmir:
«Oğlum iflicdir. Hər həftə yazılan dava-dərmanın reseptini cibimdə gəzdirirəm. Evə getməyə, ailəmin üzünə baxmağa utanıram. Hər ay şirkətə pul gəlirdi. Deyirdilər, «maaş bu gün olacaq, sabah olacaq». Ancaq bir qəpik də ödəmədilər. 2000 manatdan bir az çox alacağım var».
MEHDİ ƏLİYEV ÖDƏMƏLƏRDƏN SONRA SƏRBƏST BURAXILIB
«Azinqrup» MMC-nin rəsmi saytındakı məlumatlara görə, şirkət 1990-cı illərdə - Sovet İttifaqı dağılandan sonra yaradılıb. Nəhəng tikinti təşkilatları öz fəaliyyətlərini dayandırdıqdan sonra aparıcı mütəxəssislərin, inşaat mühəndislərinin, ustaların, montajçıların böyük əksəriyyəti inşaat və montaj briqadalarına cəlb edilərək «Azinqrup»da cəmləşdirilib. Ötən 25 ildə şirkət bir çox binalar, sənaye müəssisələri, neft və qaz kəmərləri, sağlamlıq kompleksləri inşa edib. Hazırda ölkədə ən iri tikinti şirkətlərindən biri hesab olunur.
Son aylar bank sektorunda baş verənlərlə bağlı yayılan məlumatlar arasında bu şirkətin də adı hallanır. Məsələn, kütləvi informasiya vasitələri yazır ki, son vaxtların həbsləri, müflisləşmə xeyli sərmayəsi olan şirkətin rəhbərlərindən də yan keçməyib. Belə ki, «Azinqrup» MMC rəsmi sənədlərdə «Azərinşaat» MMC-nin Direktorlar Şurasının rəhbəri Mehdi Əliyevə məxsusdur. Mehdi Əliyev bu ilin əvvəli kredit mübahisələrinə görə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb, müəyyən ödəmələrdən sonra sərbəst buraxılıb. Hazırda «Azərinşaat» MMC-nin də yüzlərlə işçiləri aksiyalar keçirərək aylarla toplanmış məvaciblərini tələb edirlər.
Şirkətin rəsmi saytında ünvan Nəsimi rayonu, M.Rəfili küçəsi qeyd olunub. Saytda əlaqə nömrəsi kimi göstərilən 441 42 62 nömrəli telefona günlərlə zəng vursaq da, cavab verən olmadı.