Cəmil Həsənlidən “türkmən” açıqlaması

Hələbdəki etnik türkmən uşaqlar, arxiv fotosu

-

Bir sıra müxalifət qüvvələrini birləşdirən Milli Şuranın sədri, professor Cəmil Həsənli Suriyadakı türkmənlərə görə narahatlığını bildirib. O, facebook səhifəsində yazıb ki, Suriyada baş verən olaylar bu ölkədə yaşayan türkmənlərin məhv edilməsi ilə nəticələnir:

“Çox ağır və acınacaqlı durum yaranıb. İŞİD-ə qarşı mübarizə adı altında aparılan hərbi əməliyyatlar Suriya türkmənlərinin yoxedilmə təhlükəsini doğurub. Rusiya təyyarələrinin bombardmanları, Əsəd qüvvələrinin hücumları Bayır Bucaq, Qızıldağ bölgəsində təhlükəli durum yaradıb. Bütövlükdə Türkmən dağı bölgəsində yaşayan 25 mindən çox türk əhalisi ev-eşiyini tərk edərək ətraf dağlara çəkilib. Əhalinin başına tökülən qəfil bombalar dinc əhali, uşaqlar və yaşlılar arasında böyük tələfata səbəb olub. Suriyanın türk əhalisi qətliam təhlükəsi ilə üzləşib. Onlar hələ ki, nə Türkiyədən, nə də ayrı bir ölkədən effektli yardım ala bilmirlər. Suriyada türk varlığının təmsilçiləri olan türkmənlərin belə ümidsiz duruma düşməsi ciddi narahatlıq yaradır”.

Milli Şura sədri köməksiz vəziyyətə düşmüş bu insanların yox edilməsi siyasətini pislədiklərini yazır.