Həbsxanadan prezidentə video-müraciət

Vüqar Əliyev

-

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Şəmkir rayon sakini Vüqar Əliyev həbsxanadan dövlət başçısı İlham Əliyevə video-müraciət göndərib.

Video-müraciəti Meydan TV yayıb.

Vüqar Əliyev müraciətində deyir ki, Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun göstərişi ilə törətmədiyi hadisəyə görə cəza çəkir. O, müraciətlərinə baxılmadığı üçün prezidentdən kömək istəyir:

«Aslan Aslanov yüksəkçinli məmur olduğu üçün yalançı şahidlərin vasitəsilə məni qeyri-qanuni olaraq ömürlük həbsə atdırıb. Cinayəti törətmədiyimi Lamiyə Quliyeva da təsdiq edir. İndiyənədək aidiyyəti orqanlara etdiyim müraciətlər cavabsız qalır. Ona görə də çox ümidlə sizə müraciət edirəm ki, həqiqəti ortalığa çıxarmaq üçün lazımı göstərişlər və tapşırıqlar verəsiniz».

Vüqar Əliyev və nişanlısı Lamiyə Quliyeva 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il azadlıqdan məhrum edilib. 2 il əvvəl isə L.Quliyeva barəsində Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Onun cəzası 5 il 6 ay artırılıb.

2015-ci ilin fevralında Apellyasiya Məhkəməsinin qərarı ilə Lamiyə Quliyeva azadlığa buraxılıb. O, Ruslan Aslanovu namus üstündə öldürdüyünü və qətlin törədilməsində Vüqar Əliyevin heç biri rolu olmadığını deyir.

Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.