Səhranın ruhu arxasına mindir məni, get

Reza Baraheni

-

Rza BƏRAHANİ

Şeirlər

Farscadan Çevirən: Elşən Böyükvənd

"Son pillə"

Ölməy üçün məryəm və nərgiz gülləri içrə qoyma məni

Buraxma məni dünya dənizlərinə

Kəhkəşanlara tapşırma məni

Öncə bucaqlı qıyqacı baxışın bilərziyi arasından keçir məni

Və sınıq daşlı pillələrdən kölgələri küləkdə titrəşən yaşlı ağaclara sarı

Apar yuxarı

Kimsəyə göstərmə məni: nə qızım, nə qardaşlarım, nə bacım, nə də oğullarıma

Necə də əcayib çöhrələri var otaqdakı yataq yerində yatmışların!

Necə də yorğunam!

Son pillə üstə qoy məni qayıt get aşağı

Apar xurma, gül və meyvəni bura yeri deyil

Apar məni yuxarı son pillə üstə qoy

Durnalar qanadından düşmüş lələklər səsidir

dünyanın son xəzəl fəslində ayaq səsin

Gedişinin səsi tükəndi şükür!

Yorğunam! Dincəlmək istəyirəm.

Səhranın ruhu arxasına mindir məni

Get

Gəlmək istəyəndə gəl güzgünü də gətir

Və ahlarımın şəklini gör

Bax səksən yaşlı qızcığazın qumaş gəlinciyi ağzı üstə düşmüş

Sonra məni mənim çevrəmə fırlat

Və bucaqlı qıyqacı baxışın bilərziyi arasında saxla məni

Saxla və fırlat

Ki yox imışam

Mən.

Tehran: 1994/1/17

"Yanır"

Ulduz sənin kimi deyil sən ulduz kimi deyilsən

Göy görkəmində deyil göyün görkəmində deyilsən

Səndən yağan kədər yandırır məni

Bahar sənin kimi deyil sən bahar kimi deyilsən

Çünki əsim yolunda dayanmısan

və yanırsan

Həsir üzərində ayaqüstə yatmış ayağı yalın gözəlim və yanır

Səndən yağan kədər məni...

Sehirlə ormanın döyüşü keçir içindən

Və baxışınla alovlandı üzüyüm

Və heç nə sənin kimi deyil

və kimsə oxşarın deyil

Həsir üzərində ayaqüstə yatmış ayağı yalın gözəlim

və yanır

Və ceyranın arxasında dayanmış gözəllik yanar dəniz

və ulduzla yürüyür və yanır

Və yandırır səndən yağan kədər

Və heç röya gözlərinin yuxusu kimi deyil deyil.

Tehran: 1994/3/8

“Yarpaq üstə”

Yarpaq üstə

Bağ yazdın sən

İri bir yağış damlasına

Dəniz, dəniz, dəniz yazdım mən

Və o anda gözlərini

Göyərçinlərə pay verdi qadın.