-
Nardaran sakinlərinə bu gün – noyabrın 30-u axşam saatlarınadək qəsəbəyə elektrik enerjisinin verilməsinin bərpa olunacağına dair vəd verilib.
Bu barədə AzadlıqRadiosu-nun müxbirinə qəsəbə sakinləri bildiriblər. Sakinlərin dediyinə görə, qəsəbənin ağsaqqalları silahlı insident zamanı ölənlərin cəsədlərini geri almaq üçün mərkəzə yollanıblar. Sakinlər meyitlərin də bu gün ərzində veriləcəyinin vəd olunduğunu deyirlər.
Sakinlərin noyabrın 29-u axşam saatlarında boşaltdığı meydanda Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları təmizləmə işləri aparırlar. Mağazalara çörəyin gətirilməsi bərpa olunub. Amma dükanlara hələ ki, çörəkdən başqa digər ərzaq məhsulları gətirilməyib.
MEYDAN BOŞALDILIB
Noyabrın 29-u axşam saatlarından Nardaran qəsəbəsində sakinlərin toplaşdığı İmam Hüseyn meydanı boşaldılıb. Sakinlər gecəni evlərində keçiriblər.
Bu barədə AzadlıqRadiosuna Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məlumat verib. Onun dediyinə görə, meydanda quraşdırılmış çadır artıq sökülüb və hazırda kənd sakinləri təmizləmə işləri aparırlar:
«Dünən polislə danışdım, dedilər ki, icra hakimiyyətindən də təmizləmə işlərinə yardım edəcək adamlar ayıracaqlar. Bu gün onların da bu işə qoşulacağını gözləyirik».
Natiq Kərimov Nardaran Ağsaqqallar Şurasının Azərbaycan hökumətinə müraciət hazırladığını deyir. Müraciətdə qeyd olunur ki, Nardaran sakinləri tərəfindən ilk addım atılıb, meydan boşaldılıb, indi sakinlər meyitlərin qaytarılmasını və qəsəbəyə elektrik enerjisinin verilməsini tələb edirlər.
Şura sədrinin dediyinə görə, elektrik enerjisinin bərpası üçün artıq işıq dirəklərində işlərə başlanıldığı xəbər verilir.
Rəsmi məlumata əsasən, noyabrın 26-da polisin Nardaranda keçirdiyi əməliyyatda 6 nəfər ölüb. Onlardan dördü mülki vətəndaş, ikisi polisdir. Bir çox sakinlər bu reydə etiraz olaraq mitinqə çıxıblar.
NARDARANLILAR BELƏ QƏRARA GƏLDİLƏR
AzadlıqRadiosu-nun müxbiri Nardarandan xəbər verir ki, İmam Hüseyn məscidinə yığışan kənd sakinləri müzakirələrin nəticəsi olaraq evlərinə dağılışmaq qərarına gəliblər. Kənd ağsaqqalları deyiblər ki, meydan boşalandan sonra meyitlər qaytarılacaq.
Ancaq məsciddən çıxandan sonra da bir qrup gənc meydanda qalacaqlarını bildirib.
Nardaran ağsaqqallarının meydanı boşltmaq qərarından sonra İmam Hüseyn meydanında qurulmuş çadırlar sökülür.
Ağsaqqallar ümid edirlər ki, meydanı boşaltdıqdan sonra meyitlər sahiblərinə veriləcək.
Həmçinin bax
AzadlıqRadiosunun Youtube Kanalında izləyin