-
Azərbaycanda dini ayinlər və mərasimlərin keçirilməsi, dini şüarlar və dini bayraqların asılması ilə bağlı qaydalar sərtləşdirilir.
«Dini etiqad azadlığı haqqında» Qanuna dəyişiklik layihəsi dekabrın 2-də Milli Məclisin komitələrinin birgə iclasında müzakirə olunub.
Dəyişiklik təklifinə əsasən, qanunda dini ayinlər və mərasimlərlə bağlı 21-ci maddənin (Dini ayinlər və mərasimlər) adı dəyişdirilir. Bu maddə «Dini ayinlər, mərasimlər və atributlar» adlanacaq. Dəyişikliyə əsasən, islam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilə biləcək. Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının islam dininə aid ayin və mərasimləri aparması qadağandır.
5000 MANAT CƏRİMƏ
Qanunun 21-ci maddəsinə yeni bir əlavə də ediləcək. Bu əlavəyə əsasən, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahlar, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.
«Dini etiqad azadlığı haqqında» Qanuna dəyişikliklə əlaqədar Cinayət Məcəlləsinə də müvafiq əlavə (168-1 maddə) ediləcək. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5000 manata qədər cərimə və ya 1 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.