Avropa Birliyi öz sərhədlərini özü qorumaq istəyir

Makedoniya-Yunanıstan sərhədi.

-

Avropa Birliyi rəsmiləri blokun sərhədlərinin mühafizəsi ilə bağlı yeni qaydalar təklif etməyə hazırlaşır.

Bunu Almaniyanın daxili işlər naziri Thomas de Maiziere bildirib.

Həmin qaydalara əsasən, Avropa Birliyinə üzv dövlət sərhədini qorumaq vəzifəsinin öhdəsindən gələ bilmədikdə, məsələyə Avropa Sərhəd Mühafizə qurumu müdaxilə edəcək.

Almaniyalı nazir bunu Avropa Birliyi ölkələri daxili işlər nazirlərinin Brüsseldə keçiriləcək iclası ərəfəsində deyib.

İclasda əsasən Türkiyədən gələrək şimali Avropaya üz tutan misli görünməmiş miqrant axınına Yunanıstanın nəzarət edə bilməməsi və Şengen sisteminin qorunub saxlanması məsələləri müzakirə olunmalıdır.

YUNANISTAN RAZILIQ VERİB

Miqrantların ən çox məskunlaşdığı Avropa Birliyi ölkələrinin Yunanıstana davamlı təzyiqindən sonra Afina, axır ki, təşkilatın sərhəd mühafizə orqanı olan «Frontex»in köməyindən istifadə etməyə razılıq verib.

Hazırda Avropa Birliyi sərhədlərini qorumaq üzv dövlətlərin suveren hüququ sayılır. Dekabrın 15-də Avropa Komissiyasının irəli sürəcəyi təklifdə isə nəzərdə tutulur ki, hər hansı üzv dövlət Birliyin xarici sərhədlərini qorumaq vəzifəsini effektiv yerinə yetirə bilmədikdə, bu işi «Frontex» öz üzərinə götürə bilər.

Almaniya və Fransa çalışır ki, hazırda işi, sadəcə, üzv dövlətlərin sərhəd orqanlarının fəaliyyətini əlaqələndirmək olan «Frontex»i Avropanın sərhəd və sahil mühafizə sistemi kimi daha ambisiyalı quruma çevrilsin.

Bunu da Almaniyanın daxili işlər naziri Thomas de Maiziere deyib.

ALMANİYA VAXT İTİRMƏK FİKRİNDƏ DEYİL

Mövcud Şengen Sərhəd Məcəlləsinə görə, hər hansı üzv dövlət xarici (Şengen üzvü olmayan dövlətlə) sərhədi qorumaqda çətinlik çəkdikdə, ona yalnız tövsiyələrlə yardım göstərilə bilər. Yunanıstan Şengendən çıxarılmaq riski olduğuna dair diplomatik təhdidlərdən sonra bu yardım mexanizminin işə düşməsinə razılıq verib. Amma görünür, Almaniya gələcəkdə belə durumlarda aidiyyəti dövlətin razılığını gözləyərək vaxt itirmək niyyətində deyil.

Avropa Komissiyası və üzv dövlətlərin daxili işlər nazirləri Yunanıstanın «Frontex»in yardımından faydalanmaq qərarını alqışlayıblar. Miqrant axınından ən çox əziyyət çəkən ölkələrdən biri olan Avstriyanın daxili işlər naziri Johanna Mikl-Leitner deyib: «Yunanıstan, nəhayət ki, Avropanın xarici sərhədlərini qorumaq məsələsində üzərinə məsuliyyət götürür. Mən aylardır deyirdim ki, Afina üzərində belə məsuliyyət olduğunu qəbul etməli və Avropa Birliyinin yardımından faydalanmağa hazır olmalıdır. Bu, doğru istiqamətdə atılmış mühüm addımdır».