-
Üç şeir
Nərmin Kamal
Şeir-dissertasiya
(2008-ci il)
hörmətli professura,
neft də insan kimi bərpa olunmayan ehtiyatlar sırasına daxildi
eramızdan altı min il əvvəl başlamış
tikintidə, yolsalmada,
Misirdə ölüləri yağlamaqçün,
Yunanıstanda yanacaqçün,
Suraxanıda pərəstişçün işlədilmiş,
19-cu əsrdən sənayeyə çəkilmiş neft
21-ci əsrdə bitəcək,
neft yataqları tədricən tükənəcək
tələblə təklif arasındakı fərq
neftin qiymətini kəskin artıracaq
neft böhranı başlayacaq...
bir çoxlarınının fikrincə
neft böhranı artıq başlayıb
2003-2007 neft qiymət artımı
bunun əlaməti
beləcə,
Məhşər Gününə düşməməkçün
ərəb ölkələri 1973-74-cü illərdə
gündəlik neft hasilatını 5 mln barrel azaltmaq qərarı verdilər
başqaları da bunu etdilər
neftin ümumi hasilatı
yeddi faiz azaldı, qiymətlərsə dörd dəfə artdı...
neft tükənəcək,
demək, yüz il sonra Neft Akademiyası bağlanacaq,
neftçilər aylarla dənizdə qalmayacaq
neftlə yox, torpaqda əziz adamlarıyla keçirəcəklər yeni il bayramını...
nə benzin olacaq, nə mazut,
nəqliyyat dayanacaq yollarda,
yanacaq və elektrik yox,
əl əməyinə alışmışlar
çoxdan təqaüdə çıxmışlar.
Jeep və Mercedeslər azalacaq
və çar karetləri kimi görünəcək şəhərlərdə,
onların işləməsinə çoxlu əl əməyi gərək olacaq,
at yenə əsas qüvvə.
indidən hazırlaşsam,
gələcəkdə at maqnatı olmaq olar.
zavodlar dayanacaq
hər yanda ölü metal yığınları dəyəcək gözə
raketlər uçmayınca, tanklar yeriməyincə
atom çamadanları yaxın döyüş üçün silaha dönəcək...
yayda velosiped, qışda xizəkdə gəzəcək insanlar
qaz da tükənəcək neftdən əlli il sonra
məişət yaşanmaz olacaq
əvəzinə Soçidə olimpiada olacaq
hörmətli professura,
Dünya Enerji Agentliyi deyir ki,
qiymətin artım sıçrayışı olacaq 2030-cu ildə
ətraflı bu linkdə...
neftin qiymətinin ardınca hər şey,
ərzağın da qiyməti yüksələcək
kasıblar çənlərin böyründə,
evsiz uşaqlar vağzallarda gecələyəcək.
yol polisi paqonlarını çıxarıb muzeyə verəcək,
görəsən,
bizim rayon polis rəisi nə edəcək...
günəş batareyası işlədəcəyik - deməyin,
onlar daimi deyil, kövrək, şaxtadan qorxan,
tez tozlanan, yuyulmalı olan
səhraya gedə bilməyəcəyik
kərtənkələlər davam edəcək bizsiz arxayın həyatına...
qadınını daha qolların üstündə
aparmayacaqsan otağına
yuxudan əvvəl ağır şey qaldırmaq olmaz mənə -
deyəcək,
enrjinə qənaət edəcəksən
neftin təkrarsız qoxusu üçün darıxacağıq,
məktəb döşəməmizdən
metromuzdan gələn
kerosin iyi üçün...
atamın köynəyinin qoxusu kimi,
kartof qızartmasının qoxusu kimi,
Dior Homme ətrinin qoxusu kimi,
doğma əziz əbədi yaddaşımda qalacaq...
Bu sarı qumların altında
Abşeronda,
üstündə gəzdiyimiz bu sarı qumdan altda
nə mələklər, nə cəhənnəm var
nə alt dünyanın ağacı, çayı, qavalı...
möhkəm əhəngli argillit
qum daşları və gips damarcıqları var
birinci iyirmi metrədən sonra
nadir alevritli qumdaşı damarcıqları olan laylardı
bu intervalda indiyədək qazılmış quyularda
qaz olmamışdı...
Abşeronda,
üstündə gəzdiyimiz bu sarı qumdan altda
nə mələklər, nə cəhənnəm var
nə yeraltı ruhlar aləmi, -
B-6, B-9, B-14 adlı quyular var
onlarda bəzən alətin uzunluğu boyu 575 metrdə
axdığı görünən sular...
pozuntular var
bütün lülələri şaqül üzrə 500 metr dərinlikdə kəsən
bundan əvvəl qazılmış quyularda bu pozulmaya dair
heç bir problem yaranmamışdı
Abşeronda,
üstündə gəzdiyimiz bu sarı qumdan altda
nə qaranlıq dünya var,
nə qaranlıq dünyanın insanları...
bəzən qazılması peşmanlıq yaradan quyular var
məsələn B-14 quyusunu
böğmaq üçün 1.33 q/sm3 statik məhlul lazım oldu
bu da qazma sürətində maye dövranı yaradanda 1.354 q/sm3 MDES verdi
B16 quyusunda Suraxanı lay dəstəsinin yuxarı hissəsində
LD-ə çatdıqdan sonra əvvəlki başmaq təmizlənmişdi
baltanı yenidən quyuya endirəndə
qazma dəsti 597 metr dərinlikdə ilişdi
quyuda qəfil yan lülə verdi
Suraxanıda
ulu babasının məzarına alın qoyan qoca,
üstündə gəzdiyimiz bu sarı qumdan altda
nə mələklər, nə cəhənnəm var
nə əcdadlarının izi-tozu...
Suraxanı lay dəstəsinin yuxarısı
bir-birini əvəz edən argillit və gips laylardı
B16 quyusunda bu interval 1.30 q/sm3 məhlul sıxlığından
istifadə etməklə qazıldı
Nardaranda
üstündə gəzdiyiniz bu sarı qumdan altda
yoxdur
nə pir, nə pirzadə...
neft var, yerin vermək istəmədiyi
tünd boz argillitlər
Çıraq quyularının dəyanətsizliyinə səbəb olmuşdu
Abşeronda,
üstündə gəzdiyimiz bu sarı qumdan altda
nə simurq quşu var, nə sehrli su...
Yuxarı və Anhidrit Günəşli lay dəstəsində
nazik qumlar var və alevrit damarlarında duzlu su
Abşeronda,
üstündə gəzdiyimiz bu sarı qumdan altda
nə div var, nə divlər məmləkəti, nə cənnət alması, -
qaz var
şaqül üzrə min metr aşağıda
yaşıl-boz şistlərin altındakı qumlarda...
və 30 faizə qədər qaz səviyyəsi.
Bu qumdaşlarının çoxu
B01 və B13 quyularında nəzarətlə bağlı problemlər yaratmışdı
Torpağın altında uyuyan müqəddəslərə
and içən qəzəbli insan,
üstündə gəzdiyimiz bu sarı qumdan altda
nə müqəddəs var, nə onların köməyi...
ənənəvi,
yəni şaqüldən böyük yayınması olmayan quyular,
tavanı qeyri-sabitlik nişanlarına malik
tünd boz argillitlər var
nazik qumdaşlarında adətən qaz aşkar olunur
Yuxarı lay dəstəsi tünd yaşıl-boz argillitlərdən ibarət
Bu interval yatağı dağılmağa meylli
xüsusu qeyri-stabil zona...
Abşeronda
ölüsünü torpağa tapşıran adam,
Balaxanı lay dəstəsinin V-VII intervalları
tərkibində qaz olan
nadir, çox narın
qum daşlarına rast gəlinən sarı-qəhvəyi argillitlərdən
və alevritlərdən ibarətdir
ən böyük məsamə təzyiqinə
Balaxanı lay dəstəsinin V horizontunda rast gəlinir
bundan sonra məsamə təzyiqi azalır
Balaxanı lay dəstəsinin VIII intervalı -
Azəri Çıraq Günəşli strukturunun ikinci dərəcəli məhsuldar horizontudur
indi də Balaxanı lay dəstəsinin VIII intervalının qazlı olması gözlənilir...
Abşeronda üstündə gəzdiyimiz
bu sarı qumdan altında
nə ağ qoç var, nə qara qoç, nə onların savaşı...
lay dəstəsinin IX və X intervalları var
argillitlərdən ibarət
və daha qalın qum laylarından ibarət
onlar Azəri Çıraq Günəşli strukturunun üçüncü ən vacib məhsuldar horizontu
onların da bu ərazidə qazlı olması gözlənilir....
Abşeronda
bu sarı qumdan altda
heç bir Cəhənnəm baş verməyəcək
yaxın zamanlara gözlədiyiniz...
B19 quyu trayektoriyasının 311.15 mm intervalda
bir pozuntu baş verəcək
bu pozuntunun Balaxanı l/d tavanında
şaqül üzrə 1679 metr dərinlikdə olması gözlənilir
trayektoriya geoloji pozulma müstəvisində şaqülə yaxındır
Mərkəzi Azəri platformasında bu pozuntularla bağlı
problemlər yaranmamışdı
bununla belə,
bu intervalda qazma aparan zaman ehtiyatlı olmaq lazımdı...
Abşeronda,
üstündə gəzdiyimiz bu sarı qumdan altda
nə iri öküz var, nə öküzün buynuzları
A -12, B, C-5, D-2, E kimi 5 hissəyə bölünən Fasilə lay dəstəsi var,
bu quyuda 9 5/8” qoruyucu kəməri.
LD Fasilə lay dəstəsi E intervalının tavanında gillə səciyyələnir
artıq Fasilə lay dəstəsi B intervalının tavanında quraşdırılıb
8 ½” intervalı B, C və D intervallarında qazılacaq
Abşeronda,
üstündə gəzdiyimiz bu sarı qumdan altında
nə mələklər, nə cəhənnəm var,
nə yeraltı aləm,
nə simurq quşu, nə ağ qoç, nə qara qoç,
nə əcdadlarınızın sümükləri,
nə div, nə divlər məmləkəti,
nə müqəddəslərin nuru,
nə öküz, nə öküz buynuzu,
nə pir, nə pirzadə,
nə qaranlıq dünya, nə qaranlıq dünyanın insanları
nə alt dünyanın ağacı, çayı, qavalı,
yoxdur heç birisi yoxdur
yoxdur
yox...
Neft və hicab
Hərdən mənə elə gəlir ki sən neft quyususan
mən səni qazıyıram
münasibətimiz lülədir
yəni quyunun qazılmış hissəsi
hərdən mənə elə gəlir ki
sən neft quyusu deyilsən
mən səni qazımıram
münasibətimiz lülə deyil
yəni quyunun qazılmış hissəsi
hərdən mənə elə gəlir ki
mən özüm neft quyusuyam
sən məni qazıyırsan
münasibətimiz lülədir
yəni quyunun qazılmış hissəsi
hərdən mənə elə gəlir ki
mən neft quyusu deyiləm
sən məni qazımırsan
münasibətimiz lülə deyil
yəni quyunun qazılmış hissəsi
hərdən mənə elə gəlir ki
biz ikimiz də neft quyusuyuq
bir-birimizi qazıyırıq
münasibətimiz lülədir
yəni quyunun qazılmış hissəsi
hərdən mənə gəlir ki
biz heç birimiz neft quyusu deyilik
bir-birimizi qazmırıq
münasibətimiz lülə deyil
yəni quyunun qazılmış hissəsi
biz bir-birimizi
nəzarət edilməyən sürətlə qazıyanda
aramızda torlar yapışqan gilli süxurla tıxaclanır
onda sevməyi dayandırır
alçaq sürətli maye dövranıyla torları təmizləyirik
lülənin təmizlənməsi üçün
maye dövranı yaradır
100 barel yüksək özüllü təmizləyici məhlul vurur
lülə geniş həcmdə dağılmasın deyə
nasosla vurma zamanı
borunu lülədibindən yuxarı ən azı yarım şam hərlədirik
sonra yenə sevməyə davam edirik
onda iki yanaşı quyuda
iki yanaşı lülənin qovuşması baş verir
ətrafa sement, vint, əhəng
hicab, şalvar, portmanat səpələnir
bir də səs və bilil
drill drill drillll
2008, Alatoran dərgisi