-
«Günəşli» yatağındakı qəzada itkin düşən 34 yaşlı Fuad Tağıyevin atası təmkinini itirsə də, inamını itirməyib, ürəyinin bir küncündə oğlunun sağ-salamat tapılacağına, balaca da olsa, bir ümid közərdir.
– «Bəlkə qayıtdı, bəlkə tapıldı», bütün günü bunu deyirəm ancaq. Axırda havalanacam. Üç uşağı qaldı. Biri 10, ortancıl 5 yaşındadır, balaca da iki aylıqdır... Getmişdi çörək dalınca, itkin düşdü. Yetim qaldı uşaqlar...
Hələlik baba nəvələrinə heç nə deyə bilməyib: «Nə deyim? Sağdı deyim, ya ölüb?» – sual edir. Ona görə də nəvələrini aldadıblar:
– Oğluna demişik ki, atan balıq tutmağa gedib. O da sevinir, oynayır ki, atası balıq gətirəcək...
«İMDAD İSTƏYƏN ADAMLARA KÖMƏK GƏLMƏYİB»
Fuad Tağıyevin atası, əmisi, qardaşı, qohum-əqrəbası bir yerə yığışıb. Hər saatbaşı televizorda xəbərləri izləyir, telefon zəngi gələndə dik atılırlar.
– Bütün günü fırlanan vertolyotu göstərirlər. Nə xeyri var, itəni tapırlar?... Həmin gün – hadisə baş verən gün təxminən saat 10-nun yarısında zəng gəlib ki, «bizə kömək edin, vəziyyət pisdir». Oradan cavab veriblər ki, «bizə deyiblər, birinci alovu söndürmək lazımdır». Camaatı xilas etmək yox ha, alovu söndürmək lazımdır. İmdad istəyən adamlara kömək edən olmayıb. Ondan sonra əlaqə kəsilib. Sonra da külək qayığı yellədib, borulara dəyib, sonra da suya düşüb partlayıb. Mənim də oğlum içində. 31 nəfər hamısı gediblər suyun dibinə. Bu günəcən axtarırlar tapa bilmirlər...
Atanın dediyinə görə, təxminən saat 18:00-dan qayıqdakılar yardım istəyiblər, ancaq yardım gəlməyib və saat 22.45-də qayıq suya düşüb.
– İndi dənizin dibində axtarırlar. Onlar dənizin dibində olmamalıdırlar. Deyirlər, əyinlərində xilasedici jilet olub. Onda suyun üstündə qalmalıydılar, suyun altına niyə gediblər?..
«OĞLUMU İSTƏYİRƏM! YA ÖLÜSÜNÜ, YA DİRİSİNİ»
Hərdən hövsələsi daralır Tahir kişinin:
– Mən kimi basdırım, nəyi basdırım?Bilmirəm. O kontordan gələnlərə də dedim ki, «tapın, oğlumu verin». Deyirlər, «axtarırıq». Qalmışam belə... Bunun heç olmasa, cəsədini versinlər mənə, uşağımı basdırım, bilim qəbri haradadır. Ya ölüsünü, ya dirisini versinlər... Mən oğlumu istəyirəm...
Bu yerdə Fuadın bibisi söhbətə qarışır:
– Xahiş etmə, tələb et. Onlar səninlə insan kimi rəftar etmirlər...
Qardaşı Faiq Tağıyev də axtarışdan narazıdır:
– Axtarış getmir, ancaq yanğınla məşğuldurlar. Prezident sərəncam verib ki, itənləri tapın, deməyib ki, yanğını söndürün.
BƏLKƏ DƏ SAĞ QALARDI
Tahir Tağıyev deyir ki, düzdür, idarədən gəliblər, axtarış getdiyini də deyiblər. Ancaq rəsmilərin münasibətindən tam razı deyillər. Qərargaha gedəndə məsul şəxsin itkin düşənlərdən birinin anası ilə rəftarını görəndən sonra ora bir də ayaq basmayacağını bildirir:
– Deyir, «sənin oğlunu mən qaytarmalıyam?». Anası da deyir ki, «qaytarmalısan, 4 il Qarabağda döyüşüb». Bunu görəndən sonra oğlum dedi ki, «ata, gəl gedək burdan...». Analara o cür cavab verən bizə nə deyəcək?
Fuad Tağıyev 34 yaşındaydı hələ. O, bəlkə də sağ qalardı. Tələsib birinci qayığa minsəydi.
– Oğlumu hamı tərifləyirdi. Yanğında da birinci yaşlıları mindirib, axırıncı özü minib qayığa.
...Tahir Tağıyevsə bütün gün evdə yol gözləyir: bir əlində siqaret, o birində mobil telefon, bir gözü qapıda, o biri televizorda.
– Mən balamı istəyirəm...Ya ölüsünü, ya dirisini...