Bakının Nardaran qəsəbəsində elektrik enerjisi bərpa edilib.
Bu barədə APA agentliyi qəsəbə sakini Natiq Kərimova istinadla xəbər verir.
Onun sözlərinə görə, dekabrın 8-i axşam saatlarından qəsəbənin küçə və meydanlarında elektrik enerjisi bərpa edilib, amma əhaliyə hələlik elektrik enerjisi verilmir.
Digər Nardaran sakinləri isə APA-ya bildiriblər ki, artıq evlərə də işıq verilib.
Belə ki, fərdi qaydada müraciət edib, “Azərişıq” ASC ilə yeni şərtlər əsasında müqavilə bağlayan sakinlərin işığı bərpa olunub.
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev bir müddət əvvəl APA-ya açıqlamasında qəsəbədə yenidən SMS tipli sayğaclar quraşdırılmasına başlanıldığını bildirmişdi:
"Hər bir abonentlə fərdi qaydada xüsusi müqavilə bağlanaraq və sayğaclara yüklədikləri vəsait əsasında elektrik enerjisi ilə təchiz ediləcəklər. Abonentlər enerjisi təchizatı ilə bağlı qərargaha müraciət edə bilərlər”, - deyə o bildirib
Qeyd edək ki, hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində əməliyyatı davam edir. Qəsəbənin giriş və çıxışlarında qoyulmuş polis postları hələ götürülməyib. Qəsəbəyə daxil olan və çıxan hər kəs yoxlanılır. Nardaran sakinlərinin qəsəbəyə girməsinə heç bir məhdudiyyət yoxdur.
Qəsəbənin mərkəzi meydanlarına hazırda Daxili Qoşunların qüvvələri nəzarət edir.
Xatırladaq ki,noyabrın 26-da Nardaranda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı, 4 mülki şəxs və 2 polis əməkdaşı həlak olub, «Müsəlman birliyi» Hərəkatının başçısı Taleh Bağırzadə də daxil olmaqla 15-dək adam həbs edilib.