Ceyranbatanda işıq sayğacı üçün pul yığılır

Sayğac

-

Ceyranbatan qəsəbəsi, «Asfalt Zavod» deyilən ərazidə yaşayan sakin Elxan Mahmudov işıq idarəsindən narazılıq edir. Narazılığa səbəb isə sayğac üçün ondan, dediyinə görə, 150-200 manat istənilməsidir.

Şikayətçi bildirir ki, evlərinə sayğac qoyulub, lakin işıq idarəsindən sayğacın kodunu verməyiblər, pul istəyiblər:

«Problemi həll etmək üçün demək olar ki, hər gün işıq idarəsinə gedirdim. Deyirdilər ki, pul köçürməsəniz, kodu vermək mümkün olmayacaq. Hərəsi də bir qiymət deyirdi. İşıqçəkənlər əvvəl 150 manat istədilər. Sonra dedilər ki, «120 manata razılaşarıq». İşıq idarəsindən isə bildirdilər ki, 200 manat ödəməlisiniz. Çox get-gəldən sonra, nəhayət, kodu verdilər. İndi də bizə 360 manat cərimə yazıblar. Deyirlər ki, «bəs kod üçün pul verməyəndə, bilmirdiniz belə olacaq?».

TEXNİKİ ŞƏRT YOXSA...

Sakinin sözlərinə görə, həmin ərazidə sayğac heç də hamıya pulla quraşdırılmayıb: «Bir neçə qonşu var ki, onlardan pul istəməyiblər».

«Azərişıq»ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzadlıqRadiosuna bildirib ki, əgər evin texniki şərti varsa, bunun üçün pul almağa ixtiyarları yoxdur:

«Texniki şərt yoxdursa, onda pul ödənməlidir. Pulu isə əməkdaşlara vermək olmaz. Ödənişi banka və ya idarəyə edib çek almaq lazımdır».

Elxan Mahmudov evinin texniki şərtinin olduğunu söyləyir.

Hüquqşünas Əkrəm Həsənov AzadlıqRadiosuna bildirib ki, sayğacın quraşdırılması pulsuz olduğuna görə, vətəndaş «Azərişıq»ın rəhbərliyinə və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilər: «Ən pis halda məhkəməyə müraciət etmək olar. Təbii ki, daha yuxarı dövlət orqanlarına da müraciət oluna bilər».