Norveçin baş kitab təbliğatçısı Azərbaycana nə deyir?

Oliver Møystad

-

"Mən əminəm ki, tərcümə dəstəyi, üstəgəl, NORLA-nın və Norveç nəşriyyat agentliklərinin çoxillik yüksələn əməyi bu gün Norveç ədəbiyyatının belə uğur qazanmasının səbəbidir. Yoxsa, başqa cür, belə kiçik dildə yazılan ədəbiyyat dünyada necə indi nail olduğumuz səviyyədə uğur qazana bilərdi ki."

"Norveç yazıçıları siyasətçiləri və sistemi çox möhkəm tənqid edə bilirlər, zatən bu, onların yazıçı kimi vacib rollarının bir hissəsidir."

NORLA Norveç Ədəbiyyatı Xaricdə idarəsilə Azərbaycan nəşriyyatları da əməkdaşlıq edirlər.

Bakıda kitab dükanlarında gördüyünüz Norveç yazıçılarının onlarca kitabı onların maliyyəsilə Azərbaycan dilinə tərcümə və nəşr edilir. Nəinki Azərbaycanda, bütün dünyada son illər Norveç ədəbiyyatının nüfuzu artmaqdadır.

Norveçlə Azərbaycanın bənzərliyi təkcə neft ölkəsi olmağımız deyil, həm də hər iki ölkənin dilinin az nüfuzlu dil olmasıdır.

Necə olur ki, onlar bacarırlar, biz yox. NORLA-nın baş məsləhətçisi Oliver Møystad ilə OxuZalında söhbət etdik.

- İl ərzində sizin dəstəyinizlə Norveç yazıçılarının neçə kitabı xarici dillərə tərcümə və nəşr edilir?

- 2014-cü ildə NORLA Norveç yazıçılarının 419 əsərinin 47 dilə tərcüməsini təşkil edib. 2015-ci ildə bu rəqəm bir qədər də çoxdur. Son 10 ildə NORLA-nın köməyilə 3000 tərcümə həyata keçirilib, ildən-ilə rəqəmlər tədricən artıb.

- Hansı Norveç yazıçılarının kitablarını xarici nəşriyyatlara tərcümə üçün təklif etməyə necə qərar verirsiniz?

- NORLA bütün janrlardan olan kitabları dəstəkləyir: bədii ədəbiyyat, qeyri-bədii ədəbiyyat (ümumi və akademik), uşaq ədəbiyyatı, yeniyetmələrin ədəbiyyatı.

Biz dərslikləri və elmi mətnlərin tərcüməsini dəstəkləmirik, bir də kulinariya kitabları, toxuma-tikmə öyrədən kitablar kimi kommersiya kitablarını dəstəkləmirik.

Bakıda nəşr olunmuş Knut Hamsun romanları

Tərcüməsinə və nəşrinə dəstək verdiyimiz kitablar əvvəlcə Norveçdə "lazımi" səviyyəli nəşriyyatlarda (pulla kitab çap edən "self-publishing" tipli nəşriyyatlarda yox) çap olunmalıdır, Norveçdə kitab dükanlarında satışa çıxmalıdır.

Xarici nəşriyyatlar Norveç ədəbiyyatını çap etmək üçün dəstək almaqdan ötrü bizə müraciət edirlər. Onların Norveçdə həmin kitabların müəllif hüquqlarını təmsil edənlərdən icazələri olmalıdır və özlərinin tərcüməçisi olmalıdır. Bütün müraciətlərə bizim mütəxəssislər komitəsi baxır.

Jostein Gaarder, "Sofinin dünyası"

Bu haqda daha ətraflı burada oxumaq olar.

Biz tərcümə qiymətlərinin bir hissəsini ödəyirik, adətən 50 faizini.

Keyfiyyətli ədəbiyyatların tərcümə və çapına detektiv ədəbiyyatı və sair kimi kommersiya kitablarından daha çox maliyyə ayırırıq.

- Təşkilatınız dövlətdən maliyyələşir, ya özəl mənbələrdən? Ədəbiyyat haqda qərarlarınızı müstəqil tutmağı necə bacarırsınız?

(Azərbaycanda bizim dövlət tərəfindən maliyyələşən iki ədəbiyyat təşkilatımız var: Azərbaycan Yazıçılar Birliyi və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi.

Onların hər ikisi dövlətdən maliyyələşdiyi üçün bəzi problemlər yaşanır, məsələn, onlar Azərbaycanda və xaricdə yalnız o Azərbaycan yazarlarını təbliğ edirlər ki, o yazıçılar siyasi hakimiyyətə loyal münasibətdədirlər. Bir yazıçı hakimiyyəti tənqid edirsə, o yazıçının adı "Azərbaycan yazıçıları" sırasından silinir.)

- NORLA-nı Norveçin Mədəniyyət Nazirliyi maliyyələşdirir (həmçinin Xarici İşlər Nazirliyindən də bir qədər maliyyə alırıq). Qərarlarımız tamamilə müstəqildir, dövlət heç zaman bizim işlərimizə qarışmır.

Mədəniyyət Nazirliyi NORLA-nın işçi heyətində (board) hətta heç təmsil olunmur.

NORLA-nı Norveçin Mədəniyyət Nazirliyi maliyyələşdirir (həmçinin Xarici İşlər Nazirliyindən də bir qədər maliyyə alırıq). Qərarlarımız tamamilə müstəqildir, dövlət heç zaman bizim işlərimizə qarışmır. Mədəniyyət Nazirliyi NORLA-nın işçi heyətində (board) hətta heç təmsil olunmur.

İşçi heyətimizdə bu qurumlar təmsil olunur: yazıçılar təşkilatları (bədii ədəbiyyat, qeyri-bədii ədəbiyyat, uşaq ədəbiyyatı yazan yazıçılar), Oslo Universiteti, Norveçin Nəşriyyatlar Assosiasiyası, Milli Kitabxana (Xarici şöbəsi).

Hansı yazıçıların kitablarının xarici dillərə tərcümə və nəşr edilməsinə qərar verən Mütəxəssislər komitəmiz yazıçılar təşkilatlarının və Oslo Universitetinin nümayəndələrindən ibarətdir.

Norveçdə çox güclü müstəqil təşkilatlar ənənəsi var. O təşkilatlar hətta dövlətdən maliyyələşsələr belə, heç vaxt dövlətə öz işlərinə qarışmağa imkan verməzlər.

(Bizim məmurlarımız hökumət dəyişiləndə dəyişdirilmir. Hökumət hər dəfə dəyişəndə yalnız nazirliklərin siyasi katibliklərinin yuxarı rəhbərləri dəyişilir.)

Norveç yazıçıları siyasətçiləri və sistemi çox möhkəm tənqid edə bilirlər, zatən bu, onların yazıçı kimi vacib rollarının bir hissəsidir.

- Azərbaycanda geniş yayılmış bir rəyə görə, əgər müstəqil yazıçı yuxarıda dediyim ikili standartlarla razı deyilsə, onlar Azərbaycan nəşriyyatlarında çıxmış kitablarını xarici ədəbiyyat agentliklərinə və nəşriyyatlara təklif edə bilərlər. Əgər o roman və ya hekayələr toplusu "kifayət qədər yaxşı" yazılıbsa, əsər özünü doğruldacaq, özü öz təbliğatını aparacaq.

Siz necə düşünürsünüz, bir Norveç müəllifinin "yaxşı yazılmış əsəri" yenə də xarici dillərə tərcümə və təbliğ olunmaq üçün dövlət dəstəyinə ehtiyac duyur? (Əgər hə, onda niyə elə hesab edirsiniz ki, hətta Norveç müəlliflərinin "yaxşı yazılmış" əsərlərinin də dövlət dəstəyinə və təbliğinə ehtiyacı var?"

Oliver Møystad

- NORLA 1978-ci ildən bəri Norveç ədəbiyyatını təbliğ etməkdədir. Əvvəllər ildə vur-tut bir neçə kitabı dəstəkləyirdik, o zamandan bugünkü səviyyəyə gəlib çıxmışıq. 2014-cü ildə dəstəklədiyimiz 419 tərcümənin 184 müxtəlif müəllifləri var. Bu səbəbdən rəngarənglik böyükdür.

Xarici dillərə tərcüməsinə və nəşrinə dəstək verdiyimiz müəlliflərin yalnız bir neçəsi həmin ölkələrdə həqiqətən də çox satılır. Xüsusən Jo Nesbø Karl Ove Knausgård’ın əsərləri çox yüksək satış görür xaricdə.

Əksəriyyəti isə, əgər xarici nəşriyyatların özlərinə qalsa, yəni biz tərəfdən hər hansı tərcümə və nəşr dəstəyi olmasa, düşünmürəm ki, o kitabları o dillərə tərcümə edərdilər.

Hər hansı bir naşiri tərcüməylə risk etməyə şirnikləndirən səbəb azdır. Tərcümə çox bahadır, üstəlik, tanınmamış müəlliflər, o müəllifləri ki, tərcüməsiz nəşriyyat ola bilsin heç oxuya bilməzdi, - riskli biznesdir.

Hər hansı bir naşiri tərcüməylə risk etməyə şirnikləndirən səbəb azdır.

Tərcümə çox bahadır, üstəlik, tanınmamış müəlliflər, o müəllifləri ki, tərcüməsiz nəşriyyat ola bilsin heç oxuya bilməzdi, - riskli biznesdir.

Mən əminəm ki, tərcümə dəstəyi, üstəgəl, NORLA-nın və Norveç nəşriyyat agentliklərinin çoxillik yüksələn əməyi bu gün Norveç ədəbiyyatının belə uğur qazanmasının səbəbidir.

Yoxsa, başqa cür belə kiçik dildə yazılan ədəbiyyat dünyada necə indi nail olduğumuz səviyyədə uğur qazana bilərdi ki.

İldən-ilə tərcümə rəqəmlərimiz yavaş, amma ardıcıl, inamla artır və nəticədə indi bütün janrlardan olan Norveç kitabları xarici dillərə tərcümə olunur.

Son illərdə biz onu da gördük ki, bəzi ölkələrin (İsveç, Danimarka və bir neçə Birləşmiş Krallıq, Almaniya) peşəkar ədəbiyyat agentləri Norveç yazıçılarını təmsil edirlər. Bu o deməkdir ki, o agentlər bu müəlliflərə kommersiya baxımından maraqlı müəlliflər kimi yanaşırlar. Bununla belə, yenə də xarici nəşriyyatın tərcümə üçün müəyyən dəstək almasına ehtiyac var, agentlərin olması bu dəstəyi almağa daha da kömək edir.

Bundan əlavə, yaxşı yazılmış kitab heç də o demək deyil ki, o kitab yaxşı satılacaq, – bestseller siyahılarına detektiv romanlar və ya qadın romantik ədəbiyyatı adlandırdığımız janrda yazılanlar dominantlıq edir, keyfiyyətli ədəbiyyat yox.

Nərmin Kamal