Demokratiya Aktını alqışlayırlar

Konqresmen Chris Smith

-

Freedom House hüquq-müdafiə təşkilatı Azərbaycan Demokratiya Aktını alqışlayan açıqlama yayıb. Bu aktı dekabrın 16-da ABŞ Helsinki Komissiyasının sədri Chris Smith təqdim edib. Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmilərinə Birləşmiş Ştatlara səfər vizalarının verilməsindən imtina edilməsini nəzərdə tutan sənəd Qanunun Aliliyi və İnsan Haqları naminə Azərbaycan Demokratiya aktı (Azerbaijan Democracy Act of 2015) adlanır.

Freedom House-un icraçı vitse-prezidenti Daniel Calingaert deyib:

“Azərbaycan Demokratiya Aktı Azərbaycan hökumətini davamlı və aşırı insan haqları pozuntularına görə məsul tutmaq üçün çox vacib alətdir. Azərbaycan liderləri vətəndaş cəmiyyəti, müstəqil media, siyasi və dini fəalları əzir, təqib edir və fiziki hücumlara məruz qoyur. Hökumət 80-dən çox siyasi məhbusu dərhal azadlığa buraxmalıdır. Onlar fəallıqlarına və hökuməti tənqid etdiklərinə görə həbs olunublar. Onlara qarşı bütün ittihamlar ləğv olunmalıdır”.

Hakimiyyət təmsilçiləri hələlik bu akta münasibət bildirməyiblər. Ancaq indiyədək ölkədə insan haqları pozuntularına dair beynəlxalq tənqidlər bir qayda olaraq rədd edilib.