Kitabların da qiyməti qalxır

Bakıda bir kitab dükanı

-

Manatın kəskin ucuzlaşması kitab bazarına da təsir edəcək. Bakının kitab mağazaları arasında apardığımız sorğu belə deməyə əsas verir.

Bu gün Bakının "Akademiya", "Kitabevim", "Ali&Nino" və başqa kitab mağazalarında qiymətlər bir həftə əvvəlki qiymətlərlə eynidir. Amma onlardan bəziləri qiymətlərin gələn aydan qalxacağını deyir, bəzi kitab dükanları isə lap elə bu aydan - yeni nəşrlər gəldikcə qiymətləri yeniləyəcəklər.

"Bakı Kitab Klubu"ndan deyirlər ki, artıq nəşr olunmuş və satışda olan kitabların qiymətləri olduğu kimi qalır. Yeni nəşr olunan yerli kitablara, həmçinin xaricdən yeni gətiriləcək kitablara yeni qiymətlər tətbiq olunacaq.

Kağız xarici ölkələrdən gətirildiyi üçün bu gün orta qiyməti 5 manat olan yerli kitabın yeni qiymətlərlə 10 manata qədər bahalaşacağı istisna olunmur.

"WH Smith", "Çıraq" kimi xarici dillərdə kitablar satan mağazalar bu gündən etibarən yeni gələn kitabların qiymətlərinin qalxacağını, hələlik rəflərdə olan kitabların son ucuz kitablar olduğunu deyirlər.