2015: «Qaynar xətt»in qan donduran şikayətləri

Evləri sökülən Xırdalan sakinləri

-

«Ünvanlı sosial yardımımı ala bilmirəm...».

«Sənədli-sübutlu mənzilim başqasına satılıb...».

«Örüş sahəmdə məmur mal-qarası otlayır...».

«Qarabağ əliliyəm, pensiyam 47 manat...».

«Deyirlər, pullar Avropa Oyunlarına xərclənib...».

AzadlıqRadiosunun «Qaynar xətt»ini Azərbaycanın sosial- iqtisadi inkişafının güzgüsü adlandırsaq, bəlkə də yanılmarıq.

SƏNƏDDƏ EVLİ, HƏYATDA EVSİZ

Ağırlığı-uğurluğu ilə yaxamızdan çəkib gedən 2015-ci ildə «Qaynar xətt»ə əsasən ölkədə yağışdan sonrakı göbələklər kimi çoxalan MTK-ların əlində əsirə çevrilən payçılar üz tutdu. Hökumətin bu sahəni nəzarətsiz buraxması, ölkədə yeni tikilidən mənzil alqı-satqısı zamanı sahibkarla payçı arasında ciddi hüquqi anlaşma olmaması yüzlərlə payçının pulsuz, parasız, evsiz-eşiksiz, hətta keçələrdə qalmasına səbəb olub. «Qaynar xətt»ə gələn üç şikayətdən ikisi MTK-larla bağlı oldu.

İş orasındadır ki, mənzilinə qovuşan payçı da MTK-lardan razı qalmır. İllərlə topladığı pulla mənzilə sahiblənən payçı elə mənzildə yaşamağa başladığı gündən əziyyətlərə qatlaşmalı olur – su, qaz, işıq, kanalizasiya xətti hanı? Çox vaxt payçılar sahibkarı axtarmaq üçün «Qaynar xətt»ə üz tuturlar.

Ancaq cəzalananlar da oldu - ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə salonlarında eyni vaxtda bir neçə sahibkar mühakimə olundu.

Söküntü.

EVİ-OBYEKTİ SÖKÜLƏNLƏR

2015-ci ildə ev-eşiyi sökülənlər də çox idi. Dövlət ehtiyacı, abadlıq adı altında yüzlərlə ailə evindən uzaq düşdü. 3 il əvvəl Füzuli küçəsində evi sökülən Nailə Abbasova 2015-ci ilin ortalarında «Qaynar xətt»ə zəng vuraraq ürək ağrısıyla danışırdı ki, söküntüyə görə, özü demişkən, «ərizəbazlığı» ona dövlət idarəsindəki işini itirməsi ilə başa gəlib. İndi zibil qutularından azuqə toplayıb, binaların girişində gecələyir. Sulutəpədə evi Dövlət Neft Şirkəti tərəfindən sökülən Telmanın ailəsi kimi...

İlin sonunadək onlarla sahibkar «Qaynar xətt» vasitəsilə ölkə başçısından imdad dilədi ki, dövlət qurumları tərəfindən abadlıq işləri adı altında obyektlərinin söküntüsü dayandırılsın. Məsələn, ilin əvvəli sahibkar Mehman Babayevin ailəsi «Qaynar xətt»ə danışırdı ki, Xırdalanda abadlıq adı altında ticarət obyekti sökülüb. Az sonra obyektin yerində yaşayış binası tikildiyini görən sahibkarın ürəyi dözməyib.

BÖLGƏLƏRDƏN, KÖÇKÜNLƏRDƏN GƏLƏN ZƏNGLƏR

Müxtəlif aparıcı şirkətlərin iri tikinti layihələrində aylarla çalışıb maaşını ala bilməyənlər də bura üz tutdu.

«Qaynar xətt»ə daha çox bölgələrdən zənglər gəldi. Özü də, az qala, bu zənglərin hər birində həyəcan təbili çalınırdı – «əkin sahələrimiz yandı, örüşlərimiz əldən getdi», «mal-qaranı sel apardı», «ev-eşiyi dolu vurdu», məmur özbaşınalıqları və s...

Elminaz Məmmədovanın evi

Son 1 ildə radioya üz tutanlar arasında yataqxanalarda, inzibati binalarda, vaqonlarda ömrünü çürüdən köçkün ailələri də az olmadı. İlin çıxmasına günlər qalmış «Qaynar xətt»ə zəng vuran Füzuli köçkünü, 3 körpəsi ilə taxta vaqonda yaşayan Elminaz Məmmədova «bizə kömək edin, qoymayın ölək» deyib ağladı. Bu, dövlət tərəfindən təminatsız, nəzarətsiz qalan bir ailənin dramı idi.

HƏBSƏ ATILAN DA OLDU...

«Qaynar xətt»ə polislə bağlı şikayətlər də yetərincə oldu. Yayda Şəki polisinin özbaşınalığından radioya şikayət edən Rahim Nəsirov həbsə atıldı. O, hələ də həbsdədir və ailə üzvlərinin deməsinə görə, məhz AzadlıqRadiosuna şikayət etdiyinə görə polis Rahimdən qisas alıb. O, xuliqanlıqda təqsirləndirilir.

«Qaynar xətt» 1 ildə bircə saat da susmadı. İrili, xırdalı sahibkarların, əmlak hüququ pozulan mülkiyyətçilərin, kommunal şəraitsizlikdən gileylənən insanların, köçkün ailələrinin, hətta bir çox müəllimlərin, həkimlərin son ümid yeri oldu. Kimisi xeyrini gördü, kimisi də şəkili Rahim kimi zərərini...