-
Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması üçün yaxın vaxtlarda danışıqlara başlanacaq.
Bunu Trend-ə müsahibəsində baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib.
O bildirib ki, uzun müddət Azərbaycanda dərman istehsalı praktikası, bu sahənin mütəxəssisləri olmayıb. Buna görə də yeganə çıxış yolu korporasiya əsasında xarici ölkələrin dərman firmaları ilə əlaqələr quraraq müəssisə yaratmaqdır.
Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən Ə.Əhmədovun sözlərinə görə, ilkin mərhələdə yaxşı imici olan, keyfiyyətli dərman buraxan qurumlarla birgə müəssisələr yaradılacaq. Baş nazirin müavini hesab edir ki, bu yolla gələcəkdə Azərbaycanın özünün də tədricən dərman istehsalı üzrə praktikası formalaşacaq.
DOLLAR XARİCƏ ÇIXIR...
Əli Əhmədovun qənaətincə, dərmanların xaricdən gətirilməsi bir tərəfdən Azərbaycanda daxili bazarın normal şəkildə fəaliyyətinə mənfi təsir edir, digər tərəfdən, bunun nəticəsində böyük həcmdə valyuta Azərbaycandan kənara çıxır:
«Üçüncü tərəfdən, bu, bütövlükdə milli təhlükəsizlik problemi məsələsinə gətirib çıxarır. Buna görə də Azərbaycanda dərman istehsalı aktual olaraq müzakirə olunur. Çox intensiv şəkildə Azərbaycanda dərman istehsalının təşkil olunması üçün işlər aparılır. Amma burada bir cəhətə diqqət yetirilməlidir. Dərman istehsal edən müəssisələr çoxdur. Ancaq dərman xüsusi məhsul növüdür, istənilən müəssisənin Azərbaycana gəlib dərman istehsal etməsi də o qədər məqsədəuyğun olmazdı. Ona görə də çalışmaq lazımdır ki, Azərbaycana ciddi reputasiyası olan, keyfiyyətli məhsul hazırlaya bilən müəssisələr gəlsin».
Əli Əhmədov dərmanların qiyməti məsələsinin prezidenti, Azərbaycan hökumətini ciddinarahat etdiyini söyləyib. «Prezidentin birbaşa tapşırığı ilə, onun özünün nəzarəti altında praktika tətbiq edilib, dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənir. Dərmanların qiymətlərinin bu ya digər formada tənzimlənməsi praktikası, demək olar, əksər dövlətlərdə, o cümlədən Avropa ölkələrinin əksəriyyətində tətbiq olunur. Dərman elə bir məhsuldur ki, onun qiyməti dövlət tərəfindən, yaxud hansısa formada tənzimlənməlidir», - baş nazirin müavini deyib.
O, dövlətin dərmanların keyfiyyətinə nəzarət edəcəyini də bildirib.