“Manatın devalvasiyası qaçılmaz idi”

İlham Əliyev, arxiv fotosu

-

“2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib. Bu da çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməyib. Bu da mümkün deyildi” Dövlət başçısı İlham Əliyev bu sözləri yanvarın 10-da Nazilər Kabinetində keçirilmiş müşavirədə söyləyib.

İ.Əliyev söyləyib ki, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi manatın məzənnəsinin əvvəlki səviyyədə qalmasına imkan verməyib: “Manatın məzənnəsi devalvasiyaya uğrayıb. Bu da qaçılmaz idi. Eyni zamanda, qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğrayıb”, deyən dövlət başçısı manatı əvvəlki səviyyədə saxlamağı mümkünsüz sayaraq devalvasiyanı qaçılmaz addım adlandırıb. “ Bunun səbəbi Azərbaycandan kənarda yaranıb”, İ.Əliyev deyib.

İ.Əliyevə görə, neftin qiymətinin kəskin şəkildə düşməsini sırf iqtisadi amillərlə bağlamaq doğru deyil. Onun fikrincə, dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə düşsün. İ.Əliyev neftin dəyərinin enməsinə ilk növbədə siyasi amillərin təsir etdiyini söyləyib. “Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ancaq çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək”, o bildirib.