Zığ qəsəbəsinin lüt dayanacaqları

Zığda avtobus dayanacağı

-

«Prezident ATEF şirkətinin avtobus deposu və təlim mərkəzinə gəlmişdi. Bizim ərazinin dayanacaqlarının şüşələrini açıb prezident keçən ərazidəki dayanacaqlara vurublar. O vaxtdan hələ də şüşələri gətirib yerinə taxmayıblar».

BİR DAYANACAQDAN O BİRİNƏ...

AzadlıqRadiosunun «Qaynar xətt»inə danışan Zığ sakini Cahangir Əsgərov deyir, sözün əsl mənasında işə düşüblər. Qəsəbədə onsuz da kifayət qədər sosial problemlərin içərisində boğulduqları vaxtda salamatı bircə dayanacaqlar olub, ancaq onları da lüt qoyublar. Şüşələrini çıxarıb aparıblar, qaytarıb yerinə taxmayıblar:

«Məmurlar biabırçı hərəkət ediblər. Əhalinin istifadə etdiyi dayanacaqların şüşələrini söküb aparıblar. Həmin vaxt fəhlələr özləri də qəsəbə sakinlərində deyib ki, prezident gələcək, onlara da göstəriş verilib ki, dayanacaqların şüşələrini çıxarıb prezidentin keçəcəyi yolun kənarındakı şüşəsiz dayanacaqlara vursunlar».

Sakin deyir, Zığın başqa ərazisində də dayanacağın şüşələri çıxarılıb, sonradan yerinə taxılmayıb. Onun sözlərinə görə, ATEF şirkətinin yaxınlığındakı bəzi dayanacaqlarda şüşə olmayıb. Zığın mərkəzi küçəsindəki dayanacağın şüşələrindən «yararlanıblar».

«SAKİNLƏR YARARSIZ EDİB»

Ancaq zığlıların dayanacaqlarla bağlı giley-güzarı bununla bitmir. Cahangir Əsgərov deyir, qəsəbənin girişində - ATS-lə üzbəüz yoldakı və 6 saylı vərəm dispanserinin qarşısındakı dayanacaqlar 1 ildir ki, yerli-dibli yoxa çıxıb.

Suraxanı rayon İcra Hakimiyyətindən bildiriblər ki, dayanacaqların quraşdırılması ilə birbaşa Bakı şəhər İcra Hakimiyyəti məşğul olur. Ancaq onu da dedilər ki, dayanacaqların şüşələrini sakinlər yararsız vəziyyətə saldığı üçün təzələri ilə əvəz olunması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunub.

Sakinlərsə dayanacaqların şüşələrinin məhz icra hakimiyyətinin göstərişi ilə çıxarılaraq ATEF şirkəti yaxınlığındakı dayanacaqlara taxılması ilə bağlı iddialarında qalırlar.