Sahibkarlara güzəştlər ediləcək

-

Azərbaycanda sahibkarlar 5 gün ərzində vergi və gömrük güzəştləri əldə edə biləcəklər.

Prezident İlham Əliyevin imzaladığı “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” barədə fərmanda belə deyilir.

Hüquqi şəxslərə və fərdi sahibkarlara (sahibkar) investisiya təşviqi sənədinin verilməsi qaydasını İqtisadiyyat Nazirliyi müəyyən edəcək. Qaydaya əsasən investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidlərini Nazirlər Kabineti müəyyənləşdirəcək.

İnvestisiya təşviqi sənədi bu 3 meyara tam cavab verən investisiya layihələrini təqdim etmiş sahibkarlara veriləcək.

Sahibkar bunun üçün İqtisadiyyat Nazirliyinə müraciət etməlidir. Ərizə ilə birlikdə nazirliyə meyarlara tam cavab verən investisiya layihəsi (biznes planı), investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğin 10 faizinin müvafiq layihə üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd, ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti təqdim olunmalıdır.

İqtisadiyyat Nazirliyi müraciətə 5 iş günü müddətində baxmalıdır. Nazirlik verdiyi investisiya təşviqi sənədi barədə məlumatı 3 gün ərzində Vergilər Nazirliyinə və Dövlət Gömrük Komitəsinə verməlidir.