-
Yanvarın 22-də Nəsimi Rayon Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətinə baxılıb.
Məhkəmə iclasında Fuad Qəhrəmanlının vəkili işə baxan hakim Şəlalə Həsənovaya etiraz verib.
Bu barədə vəkil Nemət Kərimli məlumat verib.
Müdafiəçi bildirib ki, Şəlalə Həsənova həm də Fuad Qəhrəmanlı barədə ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilməsinə qərar vermiş hakimdir.
Bu səbəbdən də qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətə onun baxmasına etiraz edib:
"Biz hesab edirik ki, Şəlalə Həsənova həbs-qətimkan tədbirinin seçilməsi barədə qərarı ədalətsizdir. Elə ona görə də bu qərardan apellyasiya şikayəti vermişdik. Fuad Qəhrəmanlı barədə hansı səbəbdən həbs-qətimkan tədbiri seçildiyi əsaslandırılmamışdı. Bundan başqa, gecə saat 11 radələrində həbs qərarı verməyə nə ehtiyac vardı? Fuad Qəhrəmanlının şübhəli şəxs qismində saxlanması üçün 48 saatlıq müddətin başa çatmasına xeyli vardı, yəni gözləyib səhər də qərar vermək olardı. Bütün bunları nəzərə alaraq, həmin hakimin Fuad Qəhrəmanlı barədə bu işə obyektiv baxacağına, qərəzsiz qərar çıxaracağına şübhəmiz var".
Prosessual qaydalara görə, bu halda, hakimə etiraza məhkəmənin sədri tərəfindən baxılıb qərar verilməlidir. Sədrin qərarı məlum olana qədər məhkəmə prosesi təxirə salınıb.
Xatırladaq ki, Fuad Qəhrəmanlı "Facebook" səhifəsində yazdığı statuslara görə dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb. Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.