-
Yanvarın 24-də bir qrup ictimai-siyasi qüvvə, media mənsubları yaranmış böhran və ondan çıxış yollarını müzakirə ediblər. Toplantıya Müsavat və Xalq Cəbhəsi partiyaları istisna olmaqla 12 siyasi partiya qatılıb.
Demokrat partiyasında keçirilən dinləmələrdə natiqlər böhranda hökumətin məsuliyyətli odluğunu vurğulayıb. Onlara görə neftin dəyərdən düşməsi böhranın səbəblərindən yalnız biridir, ikiqat devalvasiya, ağlagəlməz qiymət artımı, ölkədəki bahalıq, korrupsiya, rüşvət və inhisar hökumətin yarıtmaz fəaliyyətindən irəli gəlib.
“Vəziyyət hamıya aydındır, bu oğru, quldur hökumətin ölkənin varidatını talaması nəticəsində ağır böhran yaşanır, bundan çıxış yolu tapmaq lazımdır, tələblər hazırlanıb ortaya qoyulmalı və hökumətdən buna görə cavab istənilməlidir”, -deyə Xalq partiysının sədri Pənah Hüseyn qeyd edib.
“Bu böhranın 10 faizi neftin dəyərdən düşməsinə bağlıdır, qalan 90 faiz mövcud idarəetmənin nəticəsidir. Bu, təkcə iqtisadi böhran deyil, həm də sistemiun böhranıdır və bunu yaradan hökumətin böhranı aradan qaldıra biləcəyi inandırıcı deyil. Bu gün hökumətin yox, bütün ölkənin taleyi masa üzərinə qoyulub”-Demokrat partiyasının sədri Sərdar Calaloğlu söyləyib. Onun fikrincə, bu böhrandan radikal islahatlarsız çıxmaq mümkün deyil.
Dinləmələrin sonunda ölkənin problemlərinin daha geniş formatda müzakirəsi üçün İşçi Qrup yaradılması qərara alınıb. İşçi qrupun ilk iclası yanvarın 27-nə təyin edilib.