Taxta bazarı devalvasiyadan sonra

Bakıda tikinti bazarı

-

Manatın dəyərdən düşməsi tikinti bazarına da təsir edib. Elə bil, bazar sehrli çubuqla «dondurulub». Alıcı qıtlığı gözəçarpan dərəcədədir. Bunu satıcılar da təsdiqləyir. Onların fikrincə, həm qış fəsli, həm də manatın devalvasiya səbəbindən alıcılıq düşüb.

«ALSINLAR, YA GÖZLƏSİNLƏR?»

Fəqan adlı satıcı deyir ki, sabahkı qiyməti proqnozlaşdırmaq mümkün deyil:

«Məsələn, bu gün dünənə nisbətən ucuzdur. Amma sabah arta da bilər. Alıcını da qınamaq olmaz. Ona görə ki, onlar da bilmir nə etsinlər – alsınlar, ya gözləsinlər?».

10 ildən çoxdur bu işlə məşğul olan Babək İsmayılov da təsdiqləyir ki, tikinti materiallarının qiyməti son bir neçə ayda gah artır, gah da azalır:

«İndi isə vəziyyət, bax, gördüyünüz kimidir. Alver yoxdur. Qiymətlərin bu cür «oynaması» bizdən asılı deyil. Elə bilirsiniz bu bizə xoşdur? Əksinə, ziyandır. Belə olanda alıcı itiririk. Camaatda çaşqınlıq yaranır. Pulu olan da gəlib almır, gözləyir».

«TƏKİ ALAN OLSUN...»

Elxan Mehdiyev 10 ildir bazarda taxta-şalban satdığını, alverin zəiflədiyini söyləyir:

«Taxtanın 1 kubmetrini 260 manata satırıq. Amma aşağı qiymətə də sata bilərik. 250 manata... Təki alan olsun... Əvvəl ucuz satırdıq, çünki özümüz də ucuz alırdıq. Dekabrda manat «öləndən» sonra 1 kubmetri 300-310 manat oldu. İndi qiymətlərdə bir qədər enmə var, milli valyuta sabitləşəndən sonra taxtanın qiyməti bir qədər aşağı endi. Ola bilsin, qiymətlər yenidən qalxdı, çünki növbəti həftə nə baş verəcəyini bilmirik».

Tikinti bazarı

Bazarda sement – M-400 marka 40 kiloqramlıq 5 manat 50 qəpik, M-300 marka 40 kiloqramlıq isə 4 manat 50 qəpikdir. Müştəri çox sement alarsa, qiymətdə güzəşt edilir. Mişar daşının qiyməti isə keyfiyyətindən asılı olaraq dəyişir. Qaradağdan gətirilən mişar daşının ən keyfiyyətlisi 43 qəpiyə başa gəlir. Çin istehsalı olan dam örtüklərinin 1 kvadratmetri 4 manat 50 qəpikdir. Türkiyə istehsalının isə qiyməti 5 manat 50 qəpikdir. Hər ikisinin qiymətində 1 manat artım müşahidə olunur.

«İCARƏ HAQQINI VERMƏK ÇƏTİNDİR»

Əyyub dayı Nardaran qumu satdığını söyləyir:

«Kisəsini 40 qəpiyə satırıq. Bir kubu 24 manatdır. Xırda təmir işləri görən üçün qumu kisə ilə almaq sərf edir. Qumun qiymətini qaldırmamışıq, əvvəl necə idisə, indi də elədir».

Bazarda daha çox alınan qum Bəhrəmtəpə qumudur. Onun qiyməti bir qədər ucuzdur, 1 kubu 18-20 manatdır.

Salman adlı satıcının ən çox arzuladığı icarə haqqının artırılmamasıdır:

«Bircə bunu etməsinlər. Alıcı yoxdur, indiki icarə haqqını verməyə çətinlik çəkirik, əlavə məbləği necə ödəyərik?!».

Yaxınlıqda dayanan yük maşınlarından birinin sürücüsü Əjdər Quliyev 15 ildən çoxdur bu işlə məşğul olduğunu söyləyir:

Tikinti bazarı

«Mən həm şəhəriçi, həm də rayonlara yük daşıyıram. Gündəlik qazancım əvvəllər çox yaxşı idi. Yəni, bu işlə oğul evləndirib, qız köçürmüşəm. Vəziyyət indiki kimi olsaydı, bunları edə bilməzdim. Əlavə nə deyim?!».

«BİZ NECƏ EV ALAQ BƏS?!»

Elgün isə evi hazır almağın, yoxsa tikdirməyin sərfəli olduğunu araşdırır. Bazara da tikinti materiallarının qiyməti ilə tanış olmaq üçün gəlib:

«Əvvəldən fikrimdə vardı ki, ev tikim. Təxmini bilirdim ki, ev tikmək daha ucuzdur. Ona görə də iki sot torpaq almışdım. Devalvasiyadan əvvəl bazardakı qiymətlərdən bir az xəbərdar idim. Amma indi görürəm ki, müəyyən qədər fərq yaranıb. Manatın dəyərdən düşməsindən sonra qiymətlər qəfil qalxdı. Bu qiymətlərlə ev tikmək sərf eləmir. Çox bahadır, kasıblar üçün deyil... İndiki halda kreditə ev götürmək də mümkünsüzdür. İlkin ödəniş, sonra da illərlə davam edəcək aylıq ödəniş, nəhayətdə də çox yüksək məbləğ ortaya çıxır. Tikinti şirkətləri elə şərtlər altında kredit təklif edirlər ki?! Onların şərtlərinə uyğunlaşsam, gərək nə yeyəm, nə içəm, elə gecə-gündüz işləyəm. Belə olmaz axı... Biz necə ev alaq bəs?!».