-
«Mənim əvvəlcə Rasimin döyülməsindən xəbərim olmayıb. Bunu mənə həmin gün hadisədən sonra internetdə yayılmış məlumatlardan xəbər tutan menecerim Səbuhi deyib. Elə onunla da dərhal xəstəxanaya getmişik. Bilsəydim ki, orada Rasimə yaxşı baxmayacaqlar, həkim səhlənkarlığı olacaq, onu öz hesabıma başqa xəstəxanaya aparardım» - bunu yanvarın 26-da jurnalist Rasim Əliyevin döyulərək öldürülməsi ilə bağlı məhkəmədə «Qəbələ»nin keçmiş kapitanı, futbolçu Cavid Hüseynov şahid qismində ifadə verərkən dedi.
«ÜZR İSTƏDİ»
O bildirdi ki, Rasim Əliyevin Facebook səhifəsində onun barəsində müəyyən fikirlər yazmasını bibisi oğlu, hazırda təqsirləndirilən şəxslər sırasında olan Elşən İsmayılov ona mesaj vasitəsilə çatdırıb:
«Elşənə dedim ki, «fikir vermə». Sonra Elşən nömrəsini verdi, Rasimə zəng elədim. Mənim onunla bir dəfə danışığım olub, təxminən 15 dəqiqə çəkib. Mənə dedi ki, «sən mənim həmkarlarımı təhqir etmisən». Danışdıq, razılaşdıq, məndən üzr istədi. Sonra yenə Elşən mənə yazdı ki, «Rasim anamı söyüb, gedib onunla çay içib söhbət eləyəcəm». Mən bilməmişəm ki, o, davaya gedib, kiminlə gedib».
Cavid Hüseynov onu da qeyd etdi ki, Rasimin döyüldüyünü biləndən sonra bibisi oğluna zəng edərək onu danlayıb. Futbolçunun sözlərinə görə, hadisənin ertəsi günü Qəbələyə gedərkən yolda polislər tərəfindən saxlanılıb və polis maşınında Bakıya qaytarılıb: «Elşənə də zəng elədim ki, «özünə vəkil tut, get təslim ol»».
«DEDİM, «XƏSTƏXANAYA APARIM»»
Cavid Hüseynovdan sonra digər şahidlər - Nihad Abbaslı və Ramin İmranov da dindirildi. Nihad Abbaslı da futbolçunun əmisi oğludur və Elşən İsmayılov polisə təslim olmağa gedərkən onunla birlikdə olub.
Ramin İmranov isə döyülmənin şahidi olub:
«Yaxınlaşıb kömək eləmək istəyəndə Rasim durub qaçdı. Yerdən maşının açarını, saatı, qəpiklərini yığıb o biri səkidə ona verdim. Dedim, «xəstəxanaya aparım», bildirdi ki, özü gedəcək. Maşınına əyləşib getdi».
Məhkəmə fevralın 2-də davam edəcək.
Rasim Əliyev avqustun 8-də Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyüldükdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avqustun 9-da gecə xəstəxanada vəfat edib. Bu cinayət işi ilə əlaqədar altı nəfər həbs olunub. Onlardan beşi - Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.
«Qəbələ» futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun işi isə ibtidai istintaqın sonunda ayrılıb. O, CM-nin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirli bilinir. Yanvarın 27-də onun işi üzrə də məhkəmə başlayacaq.