-
“Günəşli” yatağı və “Neft Daşları”nda baş vermiş qəza nəticəsində həlak və itkin düşmüş işçilərin hər birinin ailəsinə ümumilikdə 22 min manat maddi yardım ödənilib.
SOCAR-ın fevralın 1-də yayılan məlumatında belə deyilir.
Bu maddi yardım Nazirlər Kabinetinin qərarına əsasən, büdcədən, SOCAR və həmkarlar ittifaqları tərəfindən ödənilib. Həlak olmuş neftçilərin dəfn mərasimlərinin xərclərin də neft şirkəti tərəfindən qarşılandığı bildirilir. Qəza zamanı təxliyə edilmiş neftçilərə də maddi yardım edilib. Qəzadan sağ-salamat qurtarılanlara 1000, xəsarət alanlara isə 3000 manatdan çox yardım edilib.
SOCAR qeyd edir ki, qəzada həyatını itirən neftçilərin azyaşlı uşaqları 18 yaşa çatanadək ayda 262 manat maddi yardım ala biləcək.
2015-ci ilin dekabr ayının 4-də “Günəşli” və “Neft Daşları” yataqlarında baş vermiş qəza nəticəsində ümumilikdə 11 nəfər həlak olub, 22 nəfər isə itkin düşüb.