R.Səfərova təhdidlərin davam etdiyi bildirilir

Rüfət Səfərov

-

Zərdab rayonunun sabiq müstəntiqi, ötən ay həbsdən azad edilən Rüfət Səfərova anonim zənglərin gəlməsinin davam etdiyi bildirilir. Bu haqda AzadlıqRadiosuna R.Səfərovun vəkili Bəhruz Bayramov açıqlama verib. Onun sözlərinə görə, təhdidlər yanvarın 24-dən başlayıb. “Ən son zəng isə iki gün öncə (fevralın 3-də - red.) naməlum telefon nömrəsindən daxil olub. Bu dəfə zəng edən şəxs R.Səfərovu ədəbsiz söyüşlərlə təhqir edib, özünə və ailə üzvlərinə yönəlik ən təhqiramiz ifadələr işlədib”.

Vəkilin sözlərinə görə, zəng edən şəxs sabiq müstəntiqi çox biabırçı formada Zərdaba aparacağı ilə təhdid edib. Bundan başqa, özünü və ailə üzvlərini də hədələyib.

B.Bayramov bu təhdidlərlə bağlı yenidən polisə müraciət etdiyini söyləyib. Vəkil zənglərin kim tərəfindən edilməsi ilə bağlı hər hansı təxmin yürütmədi:

“Bu adamların kimliyi, məqsədləri mənim üçün maraqlıdır. Çünki Rüfət Səfərov ev dustağıdır, çıxdığı gündən mətbuata hər hansı açıqlama verməyib. Danışmır, hər hansı söz demir. Heç bir fəaliyyəti də yoxdur. Sadəcə, təqsirləndirilən şəxs statusundadır. Onunla bağlı kimin nə problemi var, qaranlıq qalır”.

B.Bayramov Binəqədi rayonu 5-ci polis bölməsinə ərizə ilə müraciət etdiklərini dedi. Müsahibimizin sözlərinə görə, bu barədə mətbuatda məlumat gedəndən sonra zənglər kəsilmişdi: “Rüfət Səfərov ev dustağı olduğu üçün gərək polisdən məktub alaq. Onu dindirsinlər, izahatı alınsın. Təhqiqatın məktubunu gözləyirik ki, məktubu versinlər”.

R.Səfərov 2015-ci il dekabrın 21-də prokurorluq sistemindən istefa verib. 2016-cı il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R.Səfərov barəsində 3 ay 26 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Daha sonra bu qərar ev dustaqlığı ilə əvəz edilib.

Məhkəmənin qərarına əsasən, R.Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir. Ancaq o, ittihamları qəbul etmir.

Rüfət Səfərov Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin keçmiş rəhbəri, YAP-çı Eldar Sabiroğlunun oğludur.