640 milyon dollarlıq stadiondan toyxana kimi istifadə ediləcək

Bakı Olimpiya Stadionu

-

Bakı Olimpiya Stadionunda bundan sonra toy şənlikləri də keçiriləcək. Bu barədə stadionun rəsmi saytında yayılan elanda deyilir. Yada salaq ki, bu stadion ötən ilin yayında keçirilən birinci Avropa Oyunları zamanı istifadəyə verilib.

Elanda Olimpiya Stadionunda toy etmək «bu mühüm hadisəyə yaradıcı yanaşma» kimi təqdim edilir:

«Siz burada kiçik banketlərdən böyük toy mərasimlərinə qədər tədbirlər keçirə bilərsiniz….Əlavə məlumatlar üçün tədbirlər üzrə komandamız ilə əlaqə saxlayın», –- deyə elanda qeyd edilir.

Olimpiya Stadionunda toy səhnəsi meydançanın tam ortasında qurulur. Yemək masaları Avropa dəbi ilə yerləşdirilir. Toy dəvətliləri 150 nəfərə qədərdirsə, onda stadionda qapalı məkanda oturacaqlar. Dəvətlilərin sayı 150 nəfərdən çoxdursa, o zaman meydançada yerləşdirilən masaların ətrafına oturacaq qoyulmur.

Bir nəfər üçün ödəniş haqqı dekorasiya, yeməklər, caz musiqiçiləri və digər xidmətlərlə birlikdə 100-150 manat təşkil edir. Onu da deyiblər ki, bu, son qiymətdir. Heç bir güzəştli paket yoxdur:

«Bu vaxta kimi hələlik toy mərasimi keçirilməsə də, artıq sifarişlər var». Martın 19-da BOS-da ilk toy olacaq.

Bakı Olimpiya Stadionunun tikintisinə 2011-ci ildə başlanıb, 2015-ci ilin Avropa Oyunları ərəfəsində başa çatıb. Stadionun tikintisinə 640 milyon manat vəsait xərcləndiyi bildirilir.

Bu məsələ ictimaiyyət arasında geniş müzakirə edilməyə başlayıb.

REAL Hərəkatının rəhbərlərindən Altay Göyüşov öz Facebook səhifəsində yazır:

«Beləliklə, Olimpiya stadionu da şadlıq sarayına çevrildi. Bundan sonra orada toy şənlikləri də keçirtmək olar. Mən hesab edirəm ki, yaxşı fikirdir. O qədər pul verib tikiblər, işsiz gücsüz qalıb orada. Mən bir təklif də verə bilərəm, yayda da Schumacher-in maşınını prokata götürərsiniz, gəlin maşını kimi» - deyə Altay Göyüşov zarafatla qeyd edib.