«Allah ev»lərinə kamera quraşdırılır

Kamera

-

Bu il böyük məscidlərdə kameraların quraşdırılması başa çatdırılacaq. ANS xəbəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlıya isnadən yayıb.

Müavin hazırda bu yöndə iş getdiyini, yaxın vaxtlarda ölkədəki məscidlərdə müşahidə kameralarının quraşdırılmasına başlanacağını söyləyib.

S.Salahlı deyib ki, bundan sonra məscidlərin səlahiyyətli şəxsləri və aidiyyəti qurumların mütəxəssisləri kameralar vasitəsilə nəzarəti həyata keçirəcəklər: «Hər hansı xoşagəlməz hadisə baş verərsə, səlahiyyətli qurumlara məlumat veriləcək. Əsas məqsəd odur ki, əhali, dindar kəsim ibadət yerlərində dini ayinlərini rahat icra edə bilsinlər. Təxribat törədən şəxslər isə dərhal müəyyən edilə bilsin».

Müavinin sözlərinə görə, kameraların öncə paytaxtda, daha sonra isə ölkənin rayon və şəhər cümə məscidlərində quraşdırılması nəzərdə tutulur.

«Yəqin ki, Əbubəkr, Qaraçuxur məscidində və digər məscidlərdə baş verən hadisələr hər kəsə məlumdur. Qaraçuxurdakı hadisə isə insanları başqa fikirlərə salmışdı. Xoşbəxtlikdən hadisənin baş verdiyi 3-cü gün təxribatçıların kimliyi müəyyənləşdi və ölkə əhalisi onları tanıdı», - deyə Səyyad Salahlı 2014-cü ildə Qaraçuxur məscidinin yandırılmasına cəhdi yada salıb.

S.Salahlı vurğulayıb ki, bütün bu addımlar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və qanuna-zidd hərəkətlərin qarşısının alınmasına yönəlib.

Yada salaq ki, 2008-ci ildə Əbubəkr məscidində partlayış törədilmişdi. Həmin partlayışda 2 nəfər həyatını itirdi, 13 nəfərə qədər insan yaralandı. 2014-ci ildə də Qaraçuxur məscidini yandırmağa cəhd oldu.

2015-ci il noyabrın 26-da isə Nardaranda «Müsəlman Birliyi» Hərəkatının üzvlərini həbs etmək üçün əməliyyat keçirildi. Həmin hadisə vaxtı da 2 polis və 5 mülki şəxs vəfat etdi, 4 nəfər ağır yaralandı. Əməliyyat vaxtı Taleh Bağırzadə və daha 14 şəxs həbs edildi. Sonrakı günlərdə də qəsəbədə həbslər davam etdi. Baş prokuror Zakir Qaralov ötən həftə bildirmişdi ki, hərəkatın ümumilikdə 68 tərəfdarı hazırda həbsdədir.