Polis şöbəsində ölümün istintaqı bitdi

Bəhruz Hacıyev

-

Mingəçevir Şəhər Polis İdarəsində 27 yaşlı Bəhruz Hacıyevin müəmmalı şəraitdə dünyasını dəyişməsilə bağlı ibtidai istintaq başa çatıb.

Bu barədə AzadlıqRadiosuna mərhumun atası Dilsuz Hacıyevin nümayəndəsi Şəhla Hümbətova məlumat verib. Yaxın günlərdə vəkil cinayət işinin materialları ilə tanış olacaq və ardınca iş məhkəməyə göndəriləcək.

Müdafiəçi bildirib ki, Bəhruz Hacıyevin ölümü ilə əlaqədar yalnız bir nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Bu da Mingəçevir şəhər Polis Şöbəsinin sabiq əməliyyat müvəkkili, polis baş-leytenantı Şahlar Şahlarzadədir. Ona qarşı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb.

Bəhruz Hacıyev avqustun 20-də Mingəçevir şəhər Polis İdarəsində dünyasını dəyişib. Polisin rəsmi məlumatında onun özünü idarənin pəncərəsindən atıb intihar etdiyi bildirilib. Bəhruz Hacıyevin yaxınları isə intihar barədə deyilənlərlə razılaşmır və onun işgəncə ilə öldürüldüyünü deyir.

Avqustun 22-də Bəhruz Hacıyevin dəfnindən sonra Mingəçevirdə onun ölümünə etiraz mitinqi keçirilib. Həmin mitinqdə iştiraka görə 22 nəfər saxlanılıb, onlardan 16-ı 10-12 sutkalıq həbs cəzası alıb. Qalanları isə hələ də həbsdədir və onların işi üzrə də istintaq davam edir.