“Retro” şirkətləri kimindir?

►Həmin ünvanda nazir qeydiyyatda olsa da...

Fevralın 12-də “Retro” Şirkətlər Qrupuna aid 7 şirkət ləğv olunduğunu açıqlayıb.

Həmin şirkətlər indən belə öz fəaliyyətlərini “Retro İnşaat” MMC-nin tərkibində davam etdirəcəklər.

Qrupa daxil bir çox şirkət, o cümlədən “Retro-Cars”, “Retro-Albalı”, “Retro-Avtoservis”, “Retro-Arzu”, “Retro-Buzovna”, “Retro Dizayn Mərkəzi”, eləcə də “Retro İnşaat” şirkətinin özü 2009-2011-ci illərdə qurulmuşdu.

O vaxt yaradılan kommersiya şirkətlərinin qurucularına dair bilgilər ictimaiyyətə açıq olsa da, maraqlıdır ki, Bakı şəhəri, Neftçilər prospekti, ev 14, mənzil 14 ünvanında təsis edilmiş bu şirkətlərin payçıları haqqında hələ o zaman da hər hansı məlumat gizli saxlanmışdı.

Nazirlərdən biri qeydiyyatda olsa da...

Sözügedən ünvanda iqtisadi bloka qoşulmuş nazirlərdən biri qeydiyyatda olsa da, şirkətlərin məhz həmin nazirə məxsusluğunu iddia etmək çətindir.

Problem burasındadır ki, “Retro” şirkətlərinin mülkiyyətçisi barədə ziddiyyətli bilgilər var. Bu adda şirkətlərin hakimiyyətdə təmsil edilən iki şəxsin nəzarətində olması fikri daha çox hallanır.

Şirkət müəssisələrinin, əsasən, paytaxtın Buzovna qəsəbəsi ərazisində və Şirvan şəhərində olduğu məlumdur. Bakıdakı müəssisələr avtomobil təmiri və iaşə xidməti sahəsində ixtisaslaşıb. “Retro Dizayn Mərkəzi” isə Avroviziya mahnı müsabiqəsi dönəmində bir çox layihə icra edib.

“Retro-İnşaat” şirkətinin Şirvan şəhərində poladəritmə, sement, kisə və tara zavodları var.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Sifarişçilər arasında olanlar...

Şirkətlər qrupu dövlət büdcəsindən də yetərincə faydalanır. Təkcə 2015-ci ilin yanvar-sentyabr aylarında “Retro İnşaat” MMC dövlətdən 30-a yaxın sifariş alıb. Sifarişçilər arasında müdafiə və daxili işlər nazirlikləri, meliorasiya və su təsərrüfatı ASC, Qəbələ, Şabran, Quba və Yardımlı rayonlarının icra hakimiyyətləri də var. Şirkətə təmir və tikinti işlərinin görülməsi, mal-material satışı üçün 9,7 milyon manat verilib.