Polisi döyməkdə suçlananlar saxlanıb

İllüstrasiya

-

Fevralın 24-də Xəzər rayonu ərazisində xidmətdə olan yol polisi əməkdaşları ilə sürücü və onun yaxınları arasında insident baş verib.

Baş Prokurorluğun məlumatına görə, insident zamanı polis əməkdaşları xəsarət alıb.

Prokurorluğun məlumatında deyilir ki, yol polisi serjantları Vüqar Abbasov və Ceyhun Ağayev işıqforun qadağanedici siqnalında hərəkət edən VAZ 2107 markalı 10-DL-542 dövlət qeydiyyat nişanlı avtomobili saxlamaq istəyiblər. Yol hərəkəti qaydasını pozan sürücü polisin göstərişinə tabe olmayıb. Polis əməkdaşları avtomobili Mərdəkan qəsəbəsindəki Qızılqum bağları massivində saxlatmağa müvəffəq olublar.

Bu zaman qayda pozan avtomobildə olan sürücü Rakif Abdullayev, onun qardaşı Gülbala Abdullayev və atası Rafiq Abdullayevlə polis əməkdaşları arasında insident baş verib.

Prokurorluq deyir ki, Abdullayevlər daş, taxta və digər küt alətlərdən istifadə edərək polis əməkdaşlarına müxtəlif bədən xəsarətləri yetiriblər. Polis əməkdaşlarından V.Abbasov aldığı xəsarətlərə görə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. Digər polis C.Ağayev isə ambulator tibbi yardım alaraq evə buraxılıb.

Faktla bağlı Xəzər prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis əməkdaşlarına xəsarət yetirdikləri bildirilən Rakif, Gülbala və Rafiq Abdullayevlər şübhəli şəxs qismində saxlanıb.

Ancaq istər onların özlərinin, istərsə də vəkillərinin bu iddialara cavabları ictimaiyyətə bəlli deyil.