Nazir İranla əməkdaşlıqdan danışdı

İlham Əliyev (solda) və Hassan Rohani, 23 fevral, 2016-cı il

-

“İranla Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olması prioritet məsələdir”. İqtisadiyyat naziri Şahin Mustafayev bunu ANS-ə müsahibəsində bildirib.

Nazir Azərbaycan tərəfin Astaraçay üzərindən körpü salmaqla, hər iki ölkənin dəmir yollarını birləşdrməli olduğunu deyib. İran tərəfə gəlincə, 170 kilometrlik Astara- Rəşt dəmiryolu cəkməlidir . Bundan əlavə daha 180 kilometrlik Rəşt- Qəzvin dəmir yolu çəkilməlidir.

Nazir Ş. Mustafayevin deməsinə görə, İran tərəfi işlərin 80 faizini görüb:

“İran tərəf Rəşt -Qəzvin dəmir yolunun çəkilməsində maraqlı tərəflərlə tərəfdaşlığa üstünlük verəcək. Bu dəmiryolunun çəkilməsində Rusiya, Şimali Avropa ölkələri maraqlıdır. İran bu ölkələrdən investisiya cəlb edə bilər”.

Nazir bildirib ki, dəmiryolu tam başa gələnə qədər İran Astarasından yüklərin “tır”larla daşınması nəzərdə tutulur.

“YÜKDAŞIMALARIN HƏCMİNDƏN ASILI OLACAQ”

Ş. Mustafayevin deməsinə görə, dəmiryolu təkcə Rusiyanı bu dəhlizə birləşdirmək niyyəti güdmür. Daha uzağa gedən məqsədlər var:

“Bu dəmiryolu Qərbə, yəni Avropaya, Şərqə Hindistana, Çinə, gedən dəmiryolları ilə kəsişir”.

Bu yükdaşımalardan Azərbaycanın nə qədər maliyyə vəsaiti qazana biləcəyi haqda sualı isə nazir dəqiq cavablandırmayıb:

“Bu, yükdaşımaların həcmindən asılı olacaq. Hələlik 10 min tonlarla yük daşınmasından danışmaq olar. Dəmiryolu tam başa gəldikdən sonra isə milyonlarla ton yükdaşıma təmin oluna bilər”.

Bu il fevralın 23-də prezident İlham Əliyev İranda səfərdə olmuşdu. Bu səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair 11 sənəd imzalanmışdı. Fevralın 27-də isə prezident İlham Əliyevin İran prezidenti H. Rouhaniyə zəng vurduğu bildirilir. Bu telefon danışığında da əməkdaşlığa dair müzakirələrin davam etdirildiyi deyilir.