Bir istedadlı adamın məhv edilməsi daha böyük soyqırımdır

Azad Qaradərəli

-

"Bir dövlət idarəsində işləyəndə vəzifəli bir adamın uşağının rəsmlərini mənə təqdim etdilər, dedilər ki, bunlara yüksək rəy yazmalı və həmin komitənin jurnalında bir məqalə də verməlisən."

Azad Qaradərəli

SOYQIRIM

1918-20-ci illərdə həm O tayda, həm Bu tayda üst-üstə yüz mindən yuxarı soydaşımız məhv edilib, amma ən böyük soyqırım o illərdə təqib olunan, mənən öldürülən, cismən məhv edilən ziyalılarımızın soyqırımı idi. Tək Firudin bəy Köçərlinin öldürülməsini desəm, yetər!

Məhəmməd Hadi

Zira, daha böyük soyqırım milli cümhuriyyətimizin məhvi idi. Rus işğalı sonralar bu cümhuriyyəti quran onminlərlə aydınımıza elə o cümhuriyyətin taleyini yaşatdı:

kimi ölkədən xaricə qaçdı, kimi həbsxanaya, sürgünə göndərildi, kimi güllələndi, kimi də... cismən yaşamaq naminə əqidəsini dəyişib bolşevizmin alətinə çevrildi...

Yetmiş il boyunca Azərbaycan deyilən bir məmləkətdə ziyalılıq, yaradıcı insanlıq məngənədə qaldı. Üzeyir bəy, Y.V.Çəmənzəminli, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Şıxəli Qurbanov, Qara Qarayev, Sabir Əhmədli, Azad Mirzəcanzadə kimi yaradıcı ziyalılar hər hansı bir Avropa ölkəsində doğulsaydılar, yəqin ki, daha böyük şöhrətə, nüfuza layiq olardılar. Bu dar çəmbərdə belə dahilər yetirən xalqın potensialı qarşısında baş əyməmək mümkünsüz.

Fəqət... Bizdə zaman-zaman istedad soyqırımı olub və nə yazıq ki, olmaqda davam edir.

Məhəmməd Hadi küçəbəküçə gəzib şeirlərini satıb, sonda məzarı belə, bilinmir. C.Cabbarlının 34 yaşında ürəyini partlatdılar. Əli Kərim allahın verdiyi istedadını yetərincə göstərə bilmədi – işsizlikdən və laqeydlikdən içkiyə qurşanıb məhv oldu. Heydər Hüseynov damarlarını kəsdi. Sabir Əhmədlinin romanı Mərkəzi Komitənin qərarı ilə “ifşa edildi” və əsərlərinin çapı onillər boyu yasaqlandı. Aydın Məmmədov Dilarə Əliyeva ilə birgə müəmmalı şəkildə qəzada həyatını itirdi. Vertolyot faciəsində Azərbaycanın qaymaqları məhv edildi...

Bir dövlət idarəsində işləyəndə vəzifəli bir adamın uşağının rəsmlərini mənə təqdim etdilər, dedilər ki, bunlara yüksək rəy yazmalı və həmin komitənin jurnalında bir məqalə də verməlisən. Təbii ki, mən o rəyi yazmaqdan, onun altına imza atmaqdan imtina etdim, bəhanə gətirdim ki, bu “rəsmlər” mənim başa düşəcəyim tərzdə deyil, yəni “mənim səviyyəmdən yuxarıdır.”

Belə olanda mənə o “rəssam” uşaq haqqında yazılmış rəyləri göstərdilər. İlahi! Orada kimlərin adı yox idi?! Əgər o siyahını indi mən yadıma salsam, ad və titulları bu səhifə tutmayacaq...

Mahir Mehdi

Bir şair var Mahir Mehdi adında. Demirəm şedevr yazır, amma bu gün üzdə olan şairlərin bir çoxundan yaxşı yazır.

Orijinallığı öz yerində, həm də bu əbləhlər zəmanəsinə uyuşa bilmir. Yalana, yalağa, ütülü-tumarlı gədalara çevirəsi üzü yoxdur. Ona görə də nə evi var, nə ailəsi, nə də daimi iş yeri... yoxdur ki, yoxdur... Heç bəxti də! Olsaydı, burda niyə doğulurdu ki...

Mahir Bakıdan bezib, doğulduğu Yevlaxa üz tutub. Orada da işsiz-gücsüz qalıb. Mən də eşidib ölkənin vəzifə sahiblərinə, o cümlədən, Yevlaxın icra başçısına bir açıq məktub yazdım ki, bəs bu istedadlı adama əl tutun – iş verin, maaş alıb şeirlərini yazsın. Siz də tarixdə belə yaşayın – kimsə haçansa yazacaq ki, bəs filan icra başçısı şair Mahir Mehdiyə iş verib...

Sağ olsunlar! Bir ağsaqqal yazıçının səsini eşidib Mahir Mehdiyə iş veriblər – eşitdim ki, Yevlaxda polislər onu tutublar...

...Hə, sözüm o “rəssam”daydı axı. Bugünlərdə bir məşhur saytda həmin rəssam haqqında (daha indi uşaq deyil) daha böyük bir vəzifə və həm də qələm sahibinin məqaləsini oxuyub məyus oldum... And olsun haqq-salama ki, o rəssam istedadlı olsaydı, bu sətirləri yazmazdım. Layiq olmayanı göylərə qaldırmaq da göydəkinə asi olmaqdır – axı istedadı o verir...

Nə deyim, vallah. Biz o xalqlardanıq ki, soyqırım yaşamışıq, lakin onu sübut edə bilməmişik. Belə getsə, heç vaxt da sübut edə bilməyəcəyik. Çünki buna da istedad lazım. İstedadlara isə özümüz qənim kəsilmişik...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)