“Ayna” qayıdır, ancaq kağız formatında yox

Elçin Şıxlı, arxiv fotosu

-

“İndiki durumda Azərbaycanda kağız formatında media işi ilə məşğul olmaq əsası olmayan və Don Kixotluq eləməkdən başqa bir şey deyil. Ola bilsin ki, internet vasitəsilə başqa bir şey edək. Bunun üçün hazırlaşıram. Bu, kommersiya xarakterli olmayacaq. Adı isə 100 faiz “Ayna” ilə bağlı olacaq”.

Bu haqda AzadlıqRadiosuna “Ayna” – “Zerkalo” qəzetinin redaktoru Elçin Şıxlı məlumat verib.

Elçin Şıxlı qəzetin hazırda həbsdə olan əməkdaşı Rauf Mirqədirovun azad olunacağına ümidini də tam itirmədiyini bildirir:

“Ümidliyəm. Mart ayı ərzində buraxılmasa, onda ümidimi tam itirəcəyəm. Rauf Mirqədirov çox əsassız yerə həbs olunub. Ona qarşı ittiham sübuta yetirilməyib. Heç bir fakt, əsas yoxdur. Zəif əsaslı bir ədalət mehi əssə, dağılan ittihamlardır. Rauf sifarişlə, yazılarına görə tutulub. Onun ağzını yummaqdan ötrü tutublar. Təbii ki, onun vasitəsilə “Zerkalo” qəzetinə, mənə bir mesaj idi ki, “özünü yığışdır, kəs səsini”. Mən də Raufdan da artıq qurban vermək fikrim olmadığıma görə qəzeti bağlamalı oldum”.

Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədən deportasiya olunaraq həbs edilib. Dövlətə xəyanətdə ittiham olunan jurnalist ittihamı qəbul etmir, həbsi sifarişli sayır.

Jurnalistin həbsinin ertəsi günü prokurorluğun əməkdaşları “Zerkalo” qəzetinin redaktoru Elçin Şıxlının kompüterini və redaksiyaya məxsus sənədləri götürüblər. Həmin ilin avqustunda qəzet bağlanıb.