-
Martın 1-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazları satılarkən, 17 faizlik gəlir müəyyən olunub. Bu, dövlət istiqrazları üçün ən yüksək göstəricidir.
“Kapital Menecment” investisiya şirkətinin analitiki Cəfər İbrahimovun fikrincə, 3 ay müddətinə yerləşdirilən qiymətli kağızlara 17 faiz illik gəlirin müəyyənləşdirlməsi maliyyə təşkilatlarında manata güvəni artıracaq: “Bu, onu göstərir ki, illik istiqrazların gəlir faizi daha yüksək ola bilər. Belə bir şəraitdə sahiblərinə aşağı faiz vəd edən bank əmanətlərinin qiymətli kağızlara yönəldilməsi zaman məsələsidir”.
Cəfər İbrahimov qiymətli kağızlara ödənən dividendlərə, diskonta (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərqə) və faiz gəlirlərinə görə vergilərin yenidən dondurulmasını da fond bazarını canlandıracaq siqnallar sayır.
Martın 1-də Maliyyə Nazirliyi investorlara 15 milyon manatlıq istiqraz təklif etsə də, tələb təklifi iki dəfədən çox aşaraq 36 milyon manat olub.
Bu il nazirlik büdcə kəsirini qapatmaq üçün 400 milyon manatlıq və 500 milyon dollarlıq qısa və ortamüddətli istiqraz buraxıb. Belə qiymətli kağızlar ilboyu və hissə-hissə satılacaq. İndiyədək 35 milyon manatlıq və 22 milyon dollarlıq istiqraz satılıb.