Tütün plantasiyaları 3 dəfə artırılır

-

2016-cı ildə Azərbaycanda tütün sahələrinin həcmi 3 dəfə artacaq.

Bunu hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, tütünçülüyə marağın daha da artırılması məqsədilə stimullaşdırma tədbirləri həyata keçiriləcək. Fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq:

“Bu il ötən illə müqayisədə 2 dəfədən çox - 3 min hektar sahədə tütün əkiləcək. Bütün bunlar bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək. Tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaq” - deyə nazir bildirib.

Statistik rəqəmlər son illər Azərbaycanda tütün plantasiyalarının azaldığını göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə 1532, 2013-cü ildə 1215, 2014-ci ildə isə cəmi 1109 hektar tütün sahəsi əkilib.