İran hasilatı dondurmayacaq

Bijan Namdar Zanganeh

-

İran neft hasilatını dondurmayacağını bildirir. Ötən ay Rusiya ilə Səudiyyə Ərəbistanı dünyada neftin ucuzlaşmasını önləməkdən ötrü hasilatın yanvar səviyyəsində dondurulması barədə ilkin razılaşma əldə etmişdi.

İranın Neft naziri Bijan Namdar Zanganeh martın 13-də Press TV-yə deyib ki, digər neft hasilatçıları “bizdən əl çəkməlidirlər”. Zanganeh deyir ki, Tehran hasilatı gündə 4 milyon barrelə çatdırandan sonra dondurulma barədə düşünə bilər. Nüvə proqramına görə beynəlxalq sanksiyalar qoyulanadək hasilat bu səviyyədə idi.

Zanganeh daha öncə deyirdi ki, hasilatın dondurulması “bir zarafat” olardı və İran bazarda itirdiyi payı bərpa etməyə çalışır.

Neft İxrac edən Ölkələrin Təşkilatı (OPEC) İranın hazırda günə 2.8-3.5 milyon barrel neft istehsal etdiyini bildirir.

Rusiya-Səudiyyə razılaşmasına Venesuela və Qətər də imza atıb. Məqsəd 2014-cü ilin ortasından bəri 70 faiz düşən qiymətləri sabitləşdirməkdir.