-
"Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Seymur Həzinin məhkəməsinin vaxtı bəlli olub. Bu barədə AzadlıqRadiosuna jurnalistin yaxınları məlumat verib.
Seymur Həzinin kassasiya şikayəti Ali Məhkəmədə hakim İlham Cəfərovun icraatına verilib. İş üzrə məhkəmə iclası aprelin 13-nə təyin olunub. Məhkəmə prosesində Seymur Həzinin özünün də iştirakı gözlənilir.
Vəkil Adil İsmayılov kassasiya şikayətində jurnalist barədə aşağı instansiya məhkəmələrinin hökm və qərarlarının ləğvini, ona qarşı cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
Xatırladaq ki, xaricdən yayınlanan və hökuməti tənqid edən "Azərbaycan saatı" televiziya proqramının da aparıcısı olan Seymur Həzi 2014-cü il avqustun 29-da həbs edilib və ona qarşı CM-nin 221-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Məhərrəm Həsənov adlı şəxsə xəsarət yetirməkdə ittiham olunan jurnalist Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.
Hazırda 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Seymur Həzi ittihamı rədd edir və hökuməti tənqid edən yazılarına, çıxışlarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.