Prezidentin Novruz təbriki

-

Prezident İlham Əliyev xalqa Novruz bayramı təbriki ünvanlayıb.

Prezidentin təbrikində qeyd olunur ki, Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir:

”Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir. Zəngin mənəviyyatımız, düşüncə dünyamız, yüksək əxlaqi keyfiyyətlərimiz və həyata nikbin baxışımız Novruz mərasimlərimizdə bütün rəngarəngliyi ilə dolğun təcəssümünü tapıb. İctimai-siyasi və ədəbi-mədəni fikir tariximizin görkəmli şəxsiyyətləri milli varlığımızın ayrılmaz parçası saydıqları bu bayrama həmişə xüsusi münasibət bəsləyiblər”

Prezident bildirir ki, Bahar bayramının UNESCO tərəfindən ümumdünya qeyri-maddi mədəni irsinin inciləri sırasına daxil edilməsi hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur:

“Mən azərbaycançılıq məfkurəsi işığında sıx birləşməklə, bayramı ölkəmizin hüdudlarından kənarda qarşılayan soydaşlarımıza firavanlıq, əmin-amanlıq və ruh yüksəkliyi arzu edirəm” - deyə ölkə başçısı öz təbrikində qeyd edir.

Bu il Azərbaycana bahar martın 20-si səhər saat 8-30-da qədəm basacaq.