-
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov APA-ya deyib ki, Avropa Birliyi ilə münasibətlər normaldı. Azərbaycan istəyir ki, münasibətlər bərabərhüquqlu, ədalətli olsun:
“Şükür ki, son zamanlar bu istiqamətdə Azərbaycanla Avropa Birliyi arasında anlaşma var. Son illər gedən prosesin nəticəsi olaraq, ən azı Şərq Tərəfdaşlığına üzv olan dövlətlərin içərisində hərə öz yolunu seçdi"
N.Məmmədov əlavə edib ki, Azərbaycanla Avropa Birliyi arasında müəyyən əməkdaşlıq əlaqələrinin inkişafını özündə əks etdirən bir sənəd üzərində iş gedir:
"Düşünürəm ki, müəyyən bir zamanda bu, həyata keçiriləcək və Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığın gələcəyini təmin edəcək. Artıq mənim buna şübhəm yoxdur. Çünki az əvvəl Avropa Birliyinin xarici siyasət və enerji məsələləri üzrə komissarları ölkəmizə gəldilər və münasibətlərin mahiyyəti ilə bağlı öz mövqelərini ortaya qoydular. Təkcə söz və bəyanatlar deyil, "Cənub Qaz Dəhlizi" ilə bağlı atılan addımlar da bunu göstərir. Azərbaycanın Qərblə münasibətlərində müəyyən məsələlər olub, bu gün bu məsələlərin hamısı aradan qalxmaq üzrədir".
Hazırda Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi Azərbaycanda səfərdədir. O, prezident və Xarici İşlər naziri ilə görüşüb.
Azərbaycan Avropa Birliyinin qonşuluq siyasəti çərçivəsində Şərq Tərəfdaşlığı proqramında iştirak edir. Bu proqramın əsası 2009-cu ildə Praqada qoyulub.
Azərbaycan Avropa Birliyinin ondan insan haqları sahəsində tələblərindən qıcıqlanır və ölkədə siyasi məhbus olmadığını deyir.
Avropa Parlamenti isə Azərbaycanı sərt tənqid edən qətnamə qəbul edib.