Yay vaxtına keçid niyə ləğv olunub?

-

"Hökumət yay vaxtına keçiddən insanların səhhəti ilə bağlı yox, Formula-1 və 24 saatlıq Le-Man yarışlarına görə imtina edib."

“Turan” İnformasiya Agentliyinin ekspertləri belə düşünür.

.Agentlik qeyd edir ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Formula-1 yarışlarının keçirilməsi ilə əlaqədar Bakıdan tələbi olub. Yarışların başlanması Le-Man-da keçirilən 24 saatlıq avtomarafonun başa çatması ilə üst-üstə düşməsin.

24 saatlıq mötəbər Le-Man yarışı iyunun 19-da Paris vaxtı ilə saat 15:00-da başa çatacaq. Bakıdakı yarışsa saat 18:00-da start götürəcək.

Bu halda Parislə Bakı arasında vaxt fərqi 3 saat olduğundan, startla finiş üst-üstə düşəcəkdi. Hər iki ölkə yay-qış vaxtına keçən ölkələr sırasındadır. Bakı yay vaxtına keçiddən imtina etməklə Formula-1 yarışlarına yerli vaxtla saat 18:00-da, Paris vaxtı ilə saat 16:00-da, yəni Le-Manda marafonunun bitməsindən 1 saat əvvəl start vermiş olacaq. Beləliklə, startla finiş üst-üstə düşməyəcək, FIA-nın şərtlərinə əməl ediləcək.

Turan Formula-1 yarışlarının minimum 5 il Bakıda keçirilməsinin nəzərdə tutulduğunu, bu üzdən yay vaxtından imtinanın labüd olduğunu qeyd edir.

Martın 17-də baş nazir Artur Rasi-zadə Azərbaycanda yay vaxtına keçidi ləğv edib. Bu qərar əsasən yay vaxtına keçidin insanlarda tibbi-psixoloji və sosial-mənəvi problemlər yaratması ilə izah olunurdu.