Beynəlxalq təşkilatlar əfvdən danışır

-

“Sərhədsiz Reportyorlar” Təşkilatının Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Johann Bihr AzadlıqRadiosuna müsahibədə deyir ki, əfv fərmanıyla insan haqları müdafiəçiləri və jurnalistlərin azadlığa çıxmasından həddən artıq məmnun qalıb. “Onlar absurd ittihamlarla həbsə atılıb, və heç nədən illərini itiriblər”, deyən Bihr həbsdə azı 4 jurnalist və 3 bloqqerin qaldığını unutmadıqlarını da söyləyir. Onlardan biri də Xədicə İsmayılovadır.

“Məncə, ABŞ və Avropa Birliyi Azərbaycan hakimiyyətinə güclü təzyiqi saxlamalı, digər siyasi məhbusların buraxılmasından ötrü təzyiqi artırmalıdır”.

İnsan Haqları Evi Fondunun regional meneceri Ane Tusvik Bonde azadlığa buarxılanların ictimai və siyasi hüquqlarının bərpasına çağırır. “Hakimiyyəti onların ölkədə insan haqları uğrunda işi davam etdirməsinə zəmanət verməyə çağırırıq. Xədicə İsmayılova, İntiqam Əliyev və digər siyasi məhbusların azadlığı uğrunda işi davam etdirəcəyik”, Bonde deyir.