BBC: «Əfv Əliyevin ABŞ-a səfəri ərəfəsində bir güzəştdir»

İlham Əliyev Çikaqoda - 2012

-

Dünyanın bir sıra aparıcı media qurumları Azərbaycanda martın 17-də verilmiş əfv fərmanını alqışlayır, demokratik islahat yönündə müsbət addım adlandırır. Azadlığa buraxılan 148 məhbus arasında insan haqları qruplarının «siyasi məhbus» kimi tanıdığı 14 nəfər də var.

Böyük Britaniyanın BBC telekanalı buraxılanların arasında siyasi məhbus siyahısını hazırlayan Rəsul Cəfərovun da olduğunu, eləcə də həmin gün - martın 17-də jurnalist Rauf Mirqədirovun şərti cəzayla buraxıldığını vurğulayır.

«İnsan haqları qrupları əfvi alqışlayır, ancaq hökumətin digər tənqidçilərinin həbsdə qaldığını bildirirlər. Bəzi təhlilçilər bu addıma Əliyevin bu ayın sonunda ABŞ-a mümkün səfəri ərəfəsində bir güzəşt kimi baxırlar». BBC belə yazır. O da qeyd olunur ki, beynəlxalq insan haqları təşkilatları Azərbaycanı Cənubi Qafqazda ən repressiv rejimlərdən biri sayır, hökumətsə bu iddianı yalanlayır.

«Tanınmış fəalların buraxılması xəbəri sürpriz oldu. Bunun bir neçə səbəbi ola bilər. Neftin ucuzlaşması və milli valyutanın dəyərsizləşməsi Azərbaycan iqtisadiyyatına zərbə vurub. Ölkə beynəlxalq ictimaiyyətin tənqid obyektində daha çox qala bilməz. İnsan haqlarına dair tənqidlərin çoxu da elə Qərbdən gəlir».

«Əfv prezident Əliyevin ABŞ-a planlaşdırılan səfəri ərəfəsində bir güzəşt də sayıla bilər. Konqresdə Azərbaycan rəsmilərinə sanksiya qoyulmasını təklif edən sənəd hazırlanıb».

«Ancaq ən əsası, jurnalist Xədicə İsmayılova siyahıya salınmayıb. Onun araşdırmaları Əliyevin ailə üzvlərinin sərvəti ilə dövlət vəsaitlərinin bağlılığını ortaya çıxarmışdı».

Giorgi Gogia

AZƏRBAYCANDAN YAXŞI XƏBƏR VAR

«Human Rights Watch» insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün direktoru Giorgi Gogia həm əfv fərmanını, həm də jurnalist Rauf Mirqədirovun azadlığa çıxmasını «yaxşı xəbər» adlandırır.

«Bugünkü əfv vacib addım, əslində, heç həbsə atılmamalı olan şəxslərə həyəcanlı xəbərdir. Ancaq görüləsi çox iş var. Siyasi təhlilçi İlqar Məmmədov, hüquqşünas İntiqam Əliyev, araşdırmaçı jurnalist Xədicə İsmayılova, gənc fəal İlkin Rüstəmzadə, jurnalist Seymur Həzi hələ də saxta ittihamlarla dəmir barmaqlıqlar arxasındadırlar. Azərbaycanlı fəalların çoxu həmkarlarının azadlığı uğrunda yorulmadan çalışıb. Beynəlxalq qurumlar da hökumətə tələblərini çox aydın şəkildə bildirib. Avropa Parlamenti, ABŞ və AB-nin bir çox üzvləri 2015-ci ildə birgə bəyanatla çıxış ediblər. Konqresmen Chris Smith Azərbaycana sanksiyalar layihəsi hazırlayıb. Avropa Şurasının baş katibi və insan haqları komissarı bu yöndə işləyiblər».

Gogia daha sonra belə yazır: «Onların prinsipial mövqeyi olmasaydı, Rəsul Cəfərov və digərləri hələ də həbsdəydi. Onlara səmimi təşəkkürümü bildirir, eyni zamanda İntiqam Əliyev, Xədicə İsmayılova və İlqar Məmmədovun azadlığa çıxması üçün səmərəli ictimai diplomatiyanı davam etdirməyə çağırıram».

Xədicə İsmayılın həbsinə dair karikatura.

TƏNQİDİ JURNALİSTİKA CİNAYƏT DEYİL

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) də əfvi alqışlayan bəyanat verib. Qurum özəlliklə jurnalistlər Hilal Məmmədov, Tofiq Yaqublu və Pərviz Həşimli, media hüquqşünası Rəsul Cəfərovun buraxıldığını vurğulayır, hökuməti bu şəxslərin kriminal tarixçəsini təmizləməyə çağırır.

«Prezident Əliyevi həbsdəki digər jurnalistləri də buraxmağa səsləyirik. Azərbaycan hakimiyyəti birdəfəlik anlamalıdır ki, tənqidi jurnalistika cinayət deyil, jurnalistlərin təqibinə və həbsinə son qoymalıdır». Bu sözləri təşkilatın Avropa və Orta Asiya üzrə baş tədqiqatçısı Müzəffər Süleymanov dilə gətirib.

Jurnalistləri Müdafiə Komitəsi jurnalistlər Nicat Əliyev, Araz Quliyev, Seymur Həzi və Xədicə İsmayılovanın həbsdə qalmasına diqqət çəkir və bu şəxslərdən jurnalist fəaliyyətlərinə görə qisas alındığını vurğulayır. CPJ bu yaxınlarda Avropa Birliyinin baş diplomatı Federica Mogherini-yə səslənmiş və onun fevralın 29-da Bakıya səfərində prezident Əliyevi həbsdəki jurnalistləri buraxmağa çağırmasını istəmişdi.

Denis Krivosheev

QALANLARA ÜMİD QIĞILCIMI

«Amnesty International» hüquq-müdafiə təşkilatı isə 17 mart əfv fərmanını Azərbaycanda sıxışdırılmış vətəndaş cəmiyyətindən ötrü «nadir ümid qığılcımı» adlandırır.

«10 vicdan məhbusunun buraxılması yaxşı xəbərdir. Ancaq həbsdə, azı, 8 belə məhbusun qalması şadyanalığa kölgə salır. Bu addım alqışlanır, ancaq ədalətsiz məhkum edilənlərin hamısı buraxılandan, vətəndaş cəmiyyətinə təzyiqlər bitəndən sonra Azərbaycan hakimiyyətini tərifləmək olar». Təşkilatın Avropa və Orta Asiya bölümünün direktoru Denis Krivosheev belə deyib və daha sonra fikrini davam etdirib:

«Prezident Əliyev ölkədə insan haqları problemlərini çözmək istədiyini gerçəkdən göstərməli, 8 jurnalist, fəal və insan haqları müdafiəçisini dərhal və qeyd-şərtsiz buraxmalıdır».

O, bəyanatda Avropa İnsan Haqları Məhkəməsinin Rəsul Cəfərov haqqında martın 17-də açıqladığı qərara da toxunub:

«Rəsul Cəfərovun işi Azərbaycanda qüsurlu məhkəmə sisteminin tipik göstəricisidir. İttihamlar repressiv rejimə qarşı çıxmağa cəsarəti çatanlardan intiqam almaq üçün hərfən uydurulur. Avropa Məhkəməsinin son qərarı hakimiyyətə güclü bir mesaj göndərir – onların narazıları susdurmağa yönəlik qəddar kampaniyasına haqq qazandırmaq mümkün deyil».

«Amnesty International»ın təmsilçisi hökuməti qalan vicdan məhbuslarını dərhal buraxmağa, ölkədə insan haqlarına beynəlxalq hüquqa uyğun səviyyədə sayqı göstərilməsini təmin etməyə çağırıb.

Hakimiyyət təmsilçiləri, ənənəvi olaraq, beynəlxalq insan haqları təşkilatlarının tənqidlərini qəbul etmir, onları ölkəyə qarşı qərəzli kampaniya aparmaqda suçlayır, hər bir fərdin konkret cinayətə görə cəza çəkdiyini bildirir.