Qəzetlərdə «yağışla yuyulan milyardlar»dan yazılır

Bakıda poster

-

Bakının yağış sularından aşıb-daşan yolları, intiharlar və regional məsələlər bu gün medianın aparıcı mövzusudur.

ÖNCƏ DÖVLƏTÇİLİK

«Azərbaycan» qəzetinin ilk səhifəsində dövlətin təməl prinsiplərindən bəhs edən bir yazı dərc olunub. Məqalədə Azərbaycanın demokratik, hüquqi dövlət olduğu qeyd edilir. Müəllif yazıda müstəqilliyin qorunması, qanunçuluq, varislik, vətəndaş həmrəyliyi, sosial ədalət və azərbaycançılıq prinsiplərindən danışır:

«Dövlətin əsas prinsiplərindən biri vətəndaş həmrəyliyidir. Yaxşı yadımızdadır ki, 1993-cü ildə Azərbaycan bir dövlət kimi məhv olma həddinə çatmışdı. Ölkə vətəndaşları arasında ciddi qarşıdurma var idi. Hətta Gəncədə vətəndaş müharibəsinin qığılcımları alışmışdı. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyət sükanının arxasına keçər-keçməz bu qığılcımları söndürdü. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda belə bir vətəndaş həmrəyliyi var».

Bakıda yağış.

MİLYARDLAR HARA GEDİB?

«Azərbaycan bu layihələrə görə rekord həddə borclanıb. Görülən işlər isə göz önündədir».

Bu fikir «Bizim Yol» qəzetində Bakıda yağan yağışlar nəticəsində üzə çıxan problemlərdən bəhs edən yazıdan götürülüb. Yazıda qeyd edilir ki, bir neçə saat fasiləsiz yağan yağışa paytaxtın kommunikasiya sistemi davam gətirmir. Müəllifin düşüncəsinə görə, milyardlarla vəsait xərclənən bu sistem, sadəcə, yağışa təslim olub: «Kommunikasiya sisteminə, yolların abadlaşdırılmasına milyardlar xərclənən Bakı bir neçə saatlıq yağışa tab gətirə bilmir».

Müəllifə görə, hər yağan leysan küçələrin kollektor sisteminin bərbad durumda olmasını aşkara çıxarır. Hətta bəzi küçələrdə təmirdən sonra bu sistemlərin üstünün asfaltlandığı məlum olur. Yazıda daha sonra oxuyuruq: «Memarlar hesab edir ki, Bakının küçələri standartlara uyğun salınmır. Belə ki, iri şəhərlərdə yollar salınarkən orta hissə nisbətən hündür götürülür ki, su yollarda dayanmasın. Yoldan axan sular mərkəzi kanalizasiyaya yönləndirilmir. Paytaxtın kanalizasiya və drenajsisteminin 90 faizi işləmədiyi üçün yağış yağan kimi küçələrdə qayıqlardan istifadə etmək lazım gəlir».

Daha sonra müəllif yazır ki, hər il bu istiqamətdə dövlət büdcəsindən, beynəlxalq maliyyə institutlarının kreditlərindən milyonlar xərclənir. Amma nəticə dəyişmir: «2006-cı ildən indiyədək təkcə paytaxtın kommunal təsərrüfat sisteminin qurulmasına, yolların abadlaşdırılmasına milyardlar xərclənsə də, nəticə bu gün göz önündədir. Bakının bir neçə saatlıq yağışa dözə biləcək küçəsi yoxdur».

İntihar.

Yazının sonunda müəllif belə bir sual verir: «Bəs xərclənən vəsaitlər hara gedib?».

KREDİT İNTİHARLARI...

«Novoye Vremya» qəzetində isə intiharlar mövzusu araşdırılır. Müəllif əsasən son günlərdə KİV-lərdə yer alan xəbər və yazılara toxunur. Bakıda, Tovuzda, Şamaxıda analoji hadisələrin baş verməsinə diqqət çəkilir: «Bu intiharların səbəbləri hələ məlum deyil. Yeri gəlmişkən, onların səbəbləri də müxtəlif olur. Düzdür, Azərbaycan bu məsələdə lider ölkələr sırasında deyil. Amma bu o demək deyil ki, problemə barmaqarası baxmaq olar».

Müəllif məmurların intiharları dünyanın problemi sayması, bu məsələdə hökumətin günahının olmaması kimi fikirlər dilə gətirməsini yersiz sayır: «İntihar sakit-sakit az qala kütləvi xarakter alanda, artıq problem barədə danışılmır, buradan çıxış yolu axtarılır. İntiharlara sevgidən tutmuş sosial problemlərə qədər müxtəlif məsələlər səbəb ola bilər. Odur ki, bir sıra xidmətlər ən azı intihar səbəblərinin profilaktikası ilə məşğul olmalı idilər».

Yazıda qeyd edilir ki, indi Azərbaycanda intiharların əsas səbəbi vətəndaşların sosial problemləridir: «Ölkəni iflic edən, əksər müəssisələrdə kadrları ixtisara salan iqtisadi böhran intiharların artmasına öz «töhfə»sini verir».
Müəllifə görə, bank borcları, işsizlik intiharları artırır: «Bu gün «kredit intiharları» daha çoxdur. Deməli, vəziyyətə necə təsir göstərmək bank rəhbərlərindən və məmurlardan asılıdır. Ödənilməmiş kreditlər problemini sivil qaydada həll etmək olar. Problemi «sərtləşdirmək», onu inkar etmək durumu daha da mürəkkəbləşdirir».

Hikmət Hacızadə

HƏBSXANALARDA ELƏ DİNDARLAR SAXLANILIR Kİ...

«Azadlıq» qəzetində isə politoloq Hikmət Hacızadə ilə müsahibə dərc edilib. Müsahibə həm ölkə daxilindəki vəziyyətdən, həm də Azərbaycan və Qərb münasibətlərindən bəhs edir.

H.Hacızadə son vaxtlar bəzi siyasi məhbus sayılan şəxslərin azadlığa buraxılmasını Qərbin təzyiqlərinin nəticəsi kimi dəyərləndirilir. «Həbsdə qalan siyasi məhbuslar da azad edilməlidir. Mühacirətdə fəal ictimai iş aparan şəxslərin ailələrinə təzyiqlərə, repressiv addımlara son qoyulmalıdır. Bundan başqa, hazırda həbsxanalarda elə dindarlar saxlanılır ki. biz onların günahlarının konkret nədən ibarət olduğunu bilmirik. Onların əksəriyyəti, azad fikir söylədiklərinə görə həbsdədir»,-deyə H.Hacızadə bildirir.