►"AXCP-nin xəstə üzvləri niyə azadlığa buraxılmır?"
«Həbsxanada adamın vəziyyəti necə olar? Oğlumun ayağı xəstədir. Vəziyyəti çətindir. Şərləyib günahsız yerə tutdular. Xalqı, milləti üçün demokratiya istəyirdi də, başqa bir şey istəmirdi ki?».
Bunu hazırda həbsdə olan 11 AXCP fəalından birinin, Qarabağ müharibəsi əlili Asif Yusiflinin anası Sədaqət Yusifli deyir.
Asif Yusifli Fəridə Zülfüqarova adlı zərərçəkənin şikayəti əsasında həbs olunub. 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
64 yaşlı ana deyir ki, Asif həbsə düşəndən sonra aldığı 156 manat təqaüdünü də kredit borcu ödəyir:
«İki uşağı var. Birinin gözü xəstədir, biri də şəkərdir. Üzünə duran adam pul istədi, məhkəmə də qərar çıxardı. Biz də məcbur olub bankdan kredit götürdük. İndi hər ay pensiyamla kredit borcu ödəyirəm. Özüm də xəstəyəm, dərman almağa da imkanım yoxdur».
Sədaqət Yusifli deyir ki, qulağı səsdədir, hər əfv fərmanı veriləndə, gözü oğlunun adını axtarır.
«Qadir şəkər xəstəsidir. Böyrəklərində, mədəsində problem var. Guya üstündə silah gəzdirib. Ancaq o, cəbhəçi olmasına görə tutulub. Biz əfv üçün müraciət etməmişik. Çünki o, günahsızdır, özünü günahkar bilmir. Özü xəstədir, üç məktəbli övladı var. Yoldaşı da xəstədir. Ailədə də işləyən tək qardaşım idi. Özümüz, üç bacı köməkləşib imkan olan kimi yanına gedirik, iki aydan bir, imkan olsa, ayda bir dəfə də gedirik».Həbsdə olan başqa bir AXCP fəalı Qadir Xudabaxşiyev isə həm şəkər xəstəliyindən, həm də böyrək problemlərindən əziyyət çəkir. Mingəçevirdə qaçqın qəsəbəsində yaşayır. Qanunsuz silah saxlamağa görə keçən ilin fevralında 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bacısı İlhamə Xudabaxşiyeva deyir ki, qardaşı özünü günahsız bildiyindən əfv ərizəsi yazmır:
«HAKİMİYYƏT AXCP-YƏ MÜNASİBƏTDƏ AYRISEÇKİLİK EDİR»
Sonuncu əfv fərmanı imzalananda AXCP sədri Əli Kərimli bildirmişdi ki, cəbhəçilərdən cəmi bir nəfərin adının siyahıya salınması hakimiyyətin partiyaya neqativ münasibətinin nəticəsidir. AXCP sədrinin müavini Gözəl Bayramlı da deyir ki, hakimiyyətin AXCP-yə fərqli münasibəti var:
«Bu, özünü sonuncu əfv fərmanında da göstərib. Pərviz Həşimlidən başqa, AXCP-nin heç bir üzvü həbsdən azad edilmədi. Halbuki, bizim partiyanın üzvü olan bir neçə xəstə məhbus var. Onlar həm də Qarabağ müharibəsi veteranlarıdır. O cümlədən, Əli Kərimlinin qaynı Elnur Seyidov artıq 5 ilə yaxındır ki, heç bir əsas olmadan həbsdə saxlanılır. Asif Yusifli, Qadir Xudabaxşiyev xəstədirlər, partiyanın gənc fəallarından Elvin Abdullayev narkotik ittihamı ilə şərlənib. Hazırda həbsxanada əməliyyata ehtiyacı var. Hakimiyyət AXCP-yə bu cür aqressiv münasibət göstərir, ayrıseçkilik edir».
YAP: «BU, QƏDİRBİLMƏZLİKDİR»
Yeni Azərbaycan Partiyasından deputat Bəxtiyar Sadıqov isə bu fikirlərlə razı deyil. Deyir ki, hakimiyyət əfv üçün müraciət edənləri də, səhhətində problem olanları da nəzərə alır:
«Dövlət zaman-zaman insanların səhhətini, onların öz əməllərindən peşman olduqlarını nəzərə alır. Müvafiq qaydada onların öz ailələrinin yanına qayıtmasına dəstəyini verir. Bunu hər dəfə siyasiləşdirmək, dövlət başçısının hansısa partiyaya xoş, hansısa partiyaya naxoş münasibəti kimi qələmə vermək, əslində, qədirbilməzlikdir. O insanların heç biri siyasi əqidəsinə, partiya fəaliyyətinə görə həbs olunmayıb. Hər bir kəsin törətdiyi əməl var, məhkəmə qaydasında da sübut olunub və cəzalarını çəkirlər. Onlar əfv üçün müraciət etməyiblərsə, ya da islah olunmayıblarsa, ya da Əli Kərimli onlara tapşırıq verib ki, «heç biriniz müraciət eləməyin» və onlardan öz imicini formalaşdırmaq üçün istifadə edirsə, bu, onun öz problemidir. Azərbaycan iqtidarı isə həmişə qanunun aliliyinə hörmət edən, islah olunmuş insanlara öz ailəsinə qayıtmağa şərait yaradan bir iqtidardır».
Prezident İlham Əliyevin martın 17-də imzaladığı əfv sərəncamı ilə 140-dan artıq məhbus azadlığa çıxıb. Onlardan 14-ü beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı şəxslər olub.
__________________________________________________________
Bunlara da bax:
-
«Deyir, «ana, məni uşaq evinə qoyma»»
-
AXCP-nin xəstə üzvləri niyə azadlığa buraxılmır?
-
Yazıçı Əkrəm Əylisli saxlanıb
____________________________________________________________