Deputat İcra hakimiyyətlərinin ləğvini istəyir

Fərəc Quliyev

-

“Azərbaycanda icra başçılarının səlahiyyətləri bələdiyyə sədrlərinə verilməlidir”. Belə təkliflə parlamentin təhlükəsizlik, müdafiə və korrupsiya komitəsinin üzvü Fərəc Quliyev çıxış edib.

Deputat Modern.az-a deyib ki, idarəetmədə ara strukturlar var ki, onlar əlavə xərc aparırlar.

“Bələdiyyələrin səlahiyyətini artırmaq şərti ilə icra strukturlarını tədricən aradan çıxarmaq lazımdır. Bu halda işi bələdiyyələrə vermək əhəmiyyətlidir ki, yerli idarəetmədə həm hüquq, həm də məsuliyyət bölgüsü olsun” -deyə deputat bildirib.

Fərəc Quliyev deyib ki, icra başçılarının böyük əksəriyyəti özünü yerlərdə padşah kimi aparırlar:

“Başa düşülməlidir ki, ölkənin çətin vəziyyətində israfçılıq, özbaşınalıq olmaz. Ciddi şəkildə axtarışda olmaq lazımdır. Hər bir rayon dotasiyadan qurtulmaq üçün alternativ variantlar təklif etməlidir. Hesab edirəm ki, xeyli icra başçısı da dəyişilməlidir”.

Bir neçə gün əvvəl 65 mədəniyyət və turizm şöbələrinin 16 regional idarədə birləşdirilməsi barədə prezident sərəncam verib. Martın ortalarında isə prezidentin başqa bir sərəncamı ilə Dövlət Sosial Müdafiə Fondu (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib

Bundan əvvəl isə 3 dövlət qurumu ləğv edilmişdi. Onlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti idi.Həmin qurumların yerinə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı.