-
Xarici işlər naziri Elmar Məmmədyarov təmas xəttində yaranmış son gərginliklə əlaqədar Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogherini ilə telefonla danışıb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir qoşunların təmas xəttində yaranmış gərginlik ilə əlaqədar F.Mogherinini bilgiləndirib.
Elmar Məmmədyarov bildirib ki, gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur. Gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olunması üçün Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Nazir ələvə edib ki, münaqişənin həlli istiqamətində ciddi siyasi proses başlamalıdır.
Nazirlik Elmar Məmmədyarovun həmkarları ilə intensiv təmasları davam etdirdiyini qeyd edib.