-
Son günlər atəşkəsin pozulması ilə bağlı cəbhə xəttində yerləşən Tərtər və Ağdam rayonlarında ölən və yaralanan mülki insanlarla bağlı rəsmi məlumatlar yayılıb.
Ağdam rayon prokurorluğu və polis şöbəsinin yaydığı məlumatda bildirilir ki, aprelin 4-də Ermənistan Silahlı Qüvvələrinin atdığı mərmilərdən 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Ölən şəxs Əhmədağalı kəndinin 62 yaşlı sakini Qaraş Dadaşovdur. O, qoyun otararkən qəlpə yarası alıb və vəfat edib. Onun 30-a qədər qoyun-quzusunun da tələf olduğu bildirilir. Yaralılardan bir isə Dövlət Yanğın Mühafizə Hissəsinin əməkdaşı Akif Mustafayev olub.
Bu barədə məlumat respublika prokurorluğunun saytında da yerləşdirilib.
Tərtər rayon İcra Hakimiyyəti də aprelin 2-dən bəri həlak olan və yaralanan mülkü insanlarla bağlı məlumat açıqlayıb. Həmin məlumatda Tərtər rayonunun yaşayış məntəqələrinin atəşə tutması nəticəsində ümumilikdə 3 nəfərin öldüyü, 6 nəfərin isə yaralandığı bildirilir.
Hər iki açıqlamaya görə, ümumilikdə aprelin 2-dən bəri bu iki rayonda 4 nəfər ölüb, 11 nəfər yaralanıb.
Ancaq bəzi saytlar xəbər verir ki, son günlər cəbhə xəttində ümumilikdə 18 mülki şəxs yaralanıb.
Tərtər və Ağdamdan başqa digər sərhəd rayonları, hələlik, mülki insanların ölüm və yaralanması ilə bağlı rəsmi açıqlama verməyiblər.
Prezident İlham Əliyev aprelin 5-də bildirmişdi ki, aprelin 1-dən üzü bəri bütünlükdə 300 ev dağılıb, viran qoyulub.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı aprelin 6-da Azadlıq Radiosuna deyib ki, son günlər Azərbaycan bütünlükdə 31 hərbiçisini itirib.
Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhədə atəşkəs ardıcıl pozulmağa başlayıb. Yalnız tərəflər aprelin 5-də əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə ediblər.