-
Aprelin 2-də cəbhədə hərbi əməliyyatlar zamanı vurulmuş "Mİ-24" helikopterinin ekipaj üzvlərindən hərbi pilotun ailəsi məlumat istəyir. Hərbi pilot Təbriz Musazadənin atası Tariyel Musayev Müdafiə Nazirliyinə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciət edib.
Buna səbəb isə helikopterdə olan ekipaj üzvlərinin ailələrinə onların taleyi barədə heç bir rəsmi məlumatın verilməməsidir.
Hadisə zamanı helikopterdə üç nəfər ekipaj üzvü olub - Təbriz Musazadə, Ürfan Vəlizadə və Bəkir İsmayılov.
Tariyel Musayev müraciətində övladının taleyinin müəyyən edilib onlara bu barədə rəsmi məlumat verilməsini istəyir.
"Heç bir sualımıza cavab yoxdur – pilotlar sağdır, ya yox; düşmən əlindədirmi; niyə verilmir; verilməsi üçün hansı addımlar atılır; danışıqlar aparılırmı? Nə vaxta kimi biz gözümüzü qapıya dikib gözləyəcəyik?", - deyə Təbriz Musazadənin yaxınları AzadlıqRadiosuna bildirib.
Hərbi pilot Təbriz Musazadə 1981-ci il avqustun 12-də Gürcüstanın Dmanisi rayonunda anadan olub. Evlidir, 7 və 10 yaşlarında iki oğlu var.