İtkin düşən hərbçiləri axtarılır

-

Son hərbi əməliyyatlarda itkin düşdüyü bildirilən Azərbaycan hərbçilərinin tapılması üçün aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların vasitəçiliyi ilə araşdırmaya başlanıb.

Bu haqda AZƏRTAC-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat veriblər. Məlumatda araşdırmaların bir neçə vətəndaşın komissiyaya müraciəti əsasında başlandığı bildirilir.

Komissiya araşdırmaların nəticələri barədə itkin düşdüyü bildirilən hərbçilərin yaxınları və ictimaiyyət bilgiləndirəcək.

Aprelin 2-də hərbi əməliyyatlar zamanı vurulmuş "Mİ-24" helikopterinin ekipaj üzvlərindən Təbriz Musazadənin atası Tariyel Musayev aprelin 6-da ekipaj üzvlərinin ailələrinə övladlarının taleyi barədə dəqiq heç bir rəsmi məlumat verilmədiyini açıqlamışdı. Bundan sonra O, dövlət qurumlarına və Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli nümayəndəliyinə müraciət etmişdi.

Sözügedən hadisə zamanı helikopterdə üç nəfər ekipaj üzvünün olduğu, onların taleyindən xəbər olmadığı bildirilir.