-
Ermənistan Silahlı Qüvvələrinin Goranboy rayonunun Tapqaraqoyunlu kəndini atəşə tutulması nəticəsində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı yaralanıb. Hadisə aprelin 6-da baş verib.
Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, aprelin 6-da atəşkəs elan olunmasına baxmayaraq, Goranboyun Tapqaraqoyunlu kəndinin atəşə tutulması nəticəsində polis baş serjantı Ramiq Zeynalov baş nahiyəsindən ağır yaralanıb. Yaralı polis təcili olaraq DİN-in hospitalına yerləşdirilib.
İntensiv terapiya şöbəsinə yerləşdirildiyi bildirilən yaralı polisə cərrahi müdaxilə edildiyi, durumunun orta-ağır olduğu bildirilir.
Aprelin 7-də R.Zeynalova daxili işlər nazirinin müavini İsmət Əliyev baş çəkib.
Aprelin 1-dən cəbhədə atəşkəsin pozulması nəticəsində Azərbaycan tərəfi 31 hərbiçi itirdiyini açıqlayıb. Yaralıların dəqiq sayı isə açıqlanmır.
Bu günlər ərazində Tərtər və Ağdam hakimiyyət orqanları da mülkü insanlarla bağlı statistikanı açıqlayıblar. Onlar bu iki rayonda 4 nəfərin öldüyünü 11 nəfərin yaralandığını bildirirlər. Ancaq təmas xəttinin keçdiyi digər rayonların rəsmiləri isə mülkü insanlar arasında ölən və yaralananlarla bağlı açıqlama verməyib. Azərbaycanın bəzi saytları sön günlər cəbhə xəttində ümumilikdə 4 nəfər mülkü şəxsin öldüyünü, 18 nəfərin isə yaralandığın yazıblar. Ancaq fevralın 6-da Türkiyə televiziyaları son günlər cəbhə xəttində Azərbaycan tərəfindən 6 mülkü şəxsin həlak olduğu məlumatını yaymışdılar.